İranın ABŞ ilə danışıqların bərpası üçün irəli sürdüyü beş şərt göstərir ki, Tehran artıq əvvəlki kimi sadəcə danışıqlara qayıtmaq yox, daha güclü siyasi və strateji mövqe qazanmaq istəyir. İran çalışır ki, danışıqlar masasına təzyiq altında deyil, öz şərtlərini diktə edən tərəf kimi otursun. Xüsusilə sanksiyaların ləğvi, dondurulmuş vəsaitlərin qaytarılması və müharibə zərərinin kompensasiyası tələbləri göstərir ki, Tehran həm iqtisadi itkilərini bərpa etməyə, həm də daxildə özünü geri addım atmayan dövlət kimi təqdim etməyə çalışır. Düşünürəm ki, İran burada təkcə ABŞ ilə münasibətləri yox, ümumiyyətlə Yaxın Şərqdəki güc balansını da nəzərə alır. Livanda müharibənin dayandırılması məsələsini önə çəkməsi göstərir ki, Tehran regiondakı müttəfiqlərinin təhlükəsizliyini öz milli marağının bir hissəsi hesab edir. Bu həm də İranın müqavimət oxu adlandırdığı qüvvələrin zəifləməsinin qarşısını almaq cəhdi kimi görünür. Fikrimcə, ən diqqətçəkən məqam isə Hörmüz boğazı ilə bağlı şərtdir. İran bu məsələ ilə dünyaya göstərmək istəyir ki, qlobal enerji marşrutlarından biri üzərində ciddi təsir imkanına malikdir və bunu strateji kart kimi istifadə edə bilər. Çünki Hörmüz boğazı dünya enerji daşımalarında çox vacib nöqtə sayılır və İran burada öz hüququnun tanınmasını istəyərək həm ABŞ-yə, həm də Qərbə mesaj verir ki, regionda Tehranı nəzərə almadan təhlükəsizlik sistemi qurmaq mümkün deyil. Eyni zamanda Tehran bu şərtlərlə daxili auditoriyaya da mesaj verir. İran hakimiyyəti göstərmək istəyir ki, uzun müddətli təzyiqlərə baxmayaraq geri çəkilməyib və ABŞ qarşısında sərt mövqeyini qoruyur. Bu, xüsusilə ölkə daxilində siyasi sabitliyi saxlamaq və hakimiyyətin nüfuzunu gücləndirmək baxımından vacib görünür. Ümumiyyətlə, İranın irəli sürdüyü şərtlər onu göstərir ki, Tehran artıq sadəcə nüvə danışıqları yox, regionun gələcək təhlükəsizlik və siyasi düzənində əsas oyunçulardan biri kimi tanınmaq istəyir.
Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Söyünlü Ləman





