Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 13-cü iclası Ermənistanın Ağverən şəhərində keçirilib. Görüşə Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə Baş nazirin müavini Mher Qriqoryan sədrlik edib. Görüş zamanı sərhədin delimitasiyası prosesi və bununla bağlı bəzi siyasi və iqtisadi məsələlər müzakirə olunub. Məncə, bu görüş iki ölkə arasında sərhəd məsələlərinin mərhələli şəkildə həllinə yönəlmiş vacib addımlardan biri kimi qiymətləndirilə bilər. İclas zamanı əsasən dörd mövzu müzakirə olunub: delimitasiya prosesinin texniki və təşkilati tərəfləri, ekspert qruplarının fəaliyyəti və delimitasiya sənədlərinin hazırlanması qaydası, Ermənistan yüklərinin Azərbaycan ərazisindən tranzit daşınması məsələsi və Azərbaycanın Ermənistana neft məhsulları tədarükü. Mənim fikrimcə, burada müzakirə olunan məsələlərin hər biri müəyyən əhəmiyyət daşıyır. Xüsusilə sərhədin delimitasiyasının texniki və hüquqi qaydalarının razılaşdırılması gələcəkdə mümkün anlaşılmazlıqların qarşısını almağa kömək edə bilər. Digər tərəfdən tranzit və neft məhsulları ilə bağlı mövzuların gündəmə gəlməsi göstərir ki, tərəflər təkcə sərhəd məsələlərini deyil, həm də iqtisadi əməkdaşlıq imkanlarını nəzərdən keçirirlər. Bu isə regionda iqtisadi əlaqələrin tədricən formalaşa biləcəyini göstərir. Nəticə etibarilə demək olar ki, bu görüş Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin davam etdiyini göstərir. Görüş zamanı həm texniki, həm də iqtisadi məsələlərin müzakirə olunması isə onu göstərir ki, tərəflər yalnız sərhəd problemlərinin həllinə deyil, eyni zamanda gələcək əməkdaşlıq imkanlarına da diqqət yetirirlər. Mənim fikrimcə, bu cür görüşlər iki ölkə arasında münasibətlərin tədricən daha sabit və müsbət istiqamətdə inkişaf etməsinə təsir göstərə bilər.
Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Hacıyeva İlahə





