Çin və Serbiya arasında verilən qarşılıqlı dəstək mesajı tərəflərin beynəlxalq siyasətdə öz milli maraqlarını qorumaq üçün daha yaxın əməkdaşlığa üstünlük verdiyini göstərir. Çin Kosovo məsələsində Serbiyanı dəstəkləməklə separatizmə qarşı sərt mövqeyini bir daha nümayiş etdirir. Çünki Pekin Tayvan məsələsini öz ərazi bütövlüyü ilə bağlı ən həssas mövzulardan biri hesab edir və bu səbəbdən Kosovo kimi məsələlərdə Serbiyanın yanında yer alaraq dünyaya siyasi mesaj verir ki, dövlətlərin parçalanmasına qarşıdır. Eyni zamanda Serbiyanın “vahid Çin” prinsipini açıq şəkildə dəstəkləməsi göstərir ki, Belqrad Çinlə münasibətlərə strateji əhəmiyyət verir. Məncə, Serbiya bununla həm Çinin siyasi dəstəyini qazanmağa, həm də iqtisadi və texnoloji əməkdaşlığı daha da gücləndirməyə çalışır. Son illərdə Çin Serbiyada müxtəlif investisiya layihələri həyata keçirib və Balkan regionunda təsir imkanlarını artırmağa çalışıb. Bu isə Serbiya üçün həm iqtisadi, həm də siyasi baxımdan vacib hesab olunur. Düşünürəm ki, bu qarşılıqlı dəstək mesajı həm də Qərb ölkələrinə yönəlmiş siyasi mesaj kimi qiymətləndirilə bilər. Çin və Serbiya göstərməyə çalışırlar ki, beynəlxalq münasibətlərdə yeni siyasi tərəfdaşlıqlar formalaşır və dövlətlər öz maraqlarına uyğun şəkildə bir-birinin həssas məsələlərində açıq mövqe nümayiş etdirirlər. Bu baxımdan Pekində keçirilən görüş və verilən bəyanatlar təkcə iki ölkə arasındakı münasibətləri deyil, eyni zamanda qlobal siyasətdə dəyişən güc balansını da əks etdirir. Bundan əlavə, bu əməkdaşlıq göstərir ki, həm Çin, həm də Serbiya beynəlxalq arenada bir-birinə etibarlı tərəfdaş kimi yanaşır. Xüsusilə son dövrlərdə dünyada geosiyasi rəqabətin artdığı bir vaxtda belə münasibətlər dövlətlərin öz mövqelərini daha güclü qorumaq cəhdinin nümunəsi hesab olunur. Eyni zamanda bu addımlar gələcəkdə Çin–Serbiya münasibətlərinin daha da genişlənəcəyini və tərəflər arasında siyasi, iqtisadi və diplomatik əlaqələrin daha da möhkəmlənəcəyini göstərir.
Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Söyünlü Ləman





