Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədri, Politoloq Samir Hümbətov EDnews-a müsahibəsində qeyd edib:

Fransa fermerlərinin aparıcı həmkarlar ittifaqlarından biri olan Fermerlər İttifaqlarının Milli Federasiyası (FNSEA) üzvlərini sentyabrın 25-də ölkə boyu nümayiş keçirməyə çağırıb. Fransada fermerlərin belə kütləvi etiraz aksiyalarına başlamasının səbəbi, onlara qarşı artan təzyiqlərlə bağlıdır.
Bu təzyiqlər birbaşa olaraq Fransada son dövrlər müşahidə olunan sosial-iqtisadi vəziyyətin çətinləşməsi ilə əlaqəlidir:
“Vergilərin artırılması Fransa iqtisadiyyatına, xüsusilə kənd təsərrüfatı sektoruna ciddi zərbə vurub. Hökumət də bu vəziyyətin fərqindədir, lakin artan maliyyə xərcləri onu bu cür addımlar atmağa məcbur edir. Makron hökumətinin durumu da bu kontekstdə nəzərəçarpacaq dərəcədə dəyişib. Məsələn, son üç ildə bir neçə dəfə hökumət kabineti dəyişdirilib ki, bu da yaranmış ictimai narazılığın nəticəsidir”.
Politoloq qeyd edib ki, fermerlərin bu cür etiraz aksiyalarına çağırışı, ölkədəki sosial-iqtisadi gərginliyin göstəricisidir. Bu aksiyalar uzunmüddətli ola bilər:
“Xatırlatmaq yerinə düşər ki, Fransada bir neçə il əvvəl baş vermiş “Sarı Jiletlər” hərəkatı da bənzər şəkildə sosial-iqtisadi narazılıqların nəticəsində ortaya çıxmışdı və bu hərəkat artıq 8 ildir fasilələrlə davam edir. Bugünkü vəziyyət də həmin prosesin davamı kimi qiymətləndirilə bilər. Bu cür etirazlar Fransanın iqtisadiyyatına mənfi təsir göstərməklə yanaşı, həm də Makron hökumətinin sosial dayaqlarını zəiflədir, cəmiyyətin hökumətə olan inamını azalda bilər. Nəticə etibarilə bu, hökumətin hakimiyyətdən getməsi prosesini sürətləndirə, eyni zamanda Fransanın regional və beynəlxalq nüfuzuna da mənfi təsir göstərə bilər”.





