Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Macarıstan seçkiləri Aİ-də siyasi birlik və parçalanmaya necə təsir edə bilər?

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin şöbə müdiri, politoloq Amid Əliyev mövzu ilə bağlı mərkəzimizə müsahibəsində qeyd etmişdir: 

Macarıstanda keçirilmiş son parlament seçkiləri, xüsusilə də hakimiyyətin Viktor Orban rəhbərliyi altında davam etməsi fonunda, Aİ daxilində siyasi birlik və parçalanma məsələlərini yenidən gündəmin mərkəzinə gətirmişdir. Bu seçkilərin nəticələri yalnız milli səviyyədə hakimiyyət balansını müəyyənləşdirməklə kifayətlənmir, eyni zamanda Aİ-nin normativ, institusional və geosiyasi gələcəyi baxımından daha geniş nəticələr doğurur. Birincisi, Macarıstanın son illərdə izlədiyi siyasi kurs Aİ daxilində dərinləşən ideoloji qarşıdurmanın əsas elementlərindən birinə çevrilmişdir. Orban hakimiyyəti “illiberal demokratiya” modelini təşviq edərək, milli suverenliyin qorunmasını prioritet kimi təqdim edir və bu yanaşma Aİ-nin daha çox inteqrasiya və ortaq qərarvermə mexanizmlərinə əsaslanan liberal-demokratik modelinə ziddiyyət təşkil edir. Seçkilərin nəticələrinin bu xəttin davamlılığını təsdiqləməsi Aİ daxilində “suverenist” və “inteqrasiyaçı” bloklar arasındakı gərginliyi daha da artırır. Bu isə, öz növbəsində ortaq siyasətlərin formalaşdırılmasını çətinləşdirərək siyasi birliyin zəifləməsinə gətirib çıxara bilər. Bununla yanaşı, Macarıstan nümunəsi digər Avropa ölkələrində yüksəlməkdə olan sağ-populist və millətçi siyasi qüvvələr üçün mühüm bir model funksiyası daşıyır. Məsələn, Marine Le Pen və Giorgia Meloni kimi fiqurların təmsil etdiyi siyasi istiqamətlər Macarıstandakı nəticələrdən ilham ala və öz ölkələrində oxşar siyasətlərin legitimliyini artırmağa çalışa bilərlər. Bu tendensiya Aİ daxilində ideoloji plüralizmi artırsa da, eyni zamanda ortaq dəyərlər ətrafında konsensusun zəifləməsinə və parçalanma riskinin artmasına səbəb olur. Digər mühüm aspekt Aİ ilə Macarıstan arasında uzun müddətdir davam edən hüquqi və institusional gərginliklərdir. Hüququn aliliyi, məhkəmə müstəqilliyi və media azadlığı kimi fundamental prinsiplər üzrə yaranan fikir ayrılıqları artıq bir neçə dəfə Aİ tərəfindən maliyyə mexanizmləri vasitəsilə təzyiq alətinə çevrilmişdir. Seçkilərin nəticələri bu siyasətin davam edəcəyini göstərdiyi təqdirdə, Brüssel ilə Budapeşt arasında münasibətlərin daha da kəskinləşməsi və bunun Aİ-nin daxili birliyinə mənfi təsir göstərməsi qaçılmaz görünür. Eyni zamanda, Macarıstanın xarici siyasətdə tutduğu fərqli mövqe də Aİ daxilində parçalanmanı dərinləşdirən əsas amillərdən biridir. Xüsusilə Rusiyanın Ukraynaya müdaxiləsi məsələsində Budapeştin daha ehtiyatlı və bəzən fərqli xətt izləməsi, sanksiyalar və enerji siyasəti kimi strateji məsələlərdə vahid Aİ mövqeyinin formalaşmasını çətinləşdirir. Bu isə Aİ-nin qlobal aktor kimi çıxış etmək qabiliyyətinə birbaşa təsir edir. Bununla belə, qeyd etmək vacibdir ki, bütün bu parçalanma meyillərinə baxmayaraq, Aİ-nin institusional strukturu kifayət qədər dayanıqlıdır və tək bir üzv dövlətin siyasəti bütövlükdə ittifaqın dağılmasına səbəb ola bilməz. Lakin Macarıstan seçkilərinin nəticələri Aİ daxilində qərar qəbuletmə proseslərinin daha mürəkkəb, daha çox kompromis tələb edən və daha yavaş bir xarakter almasına gətirib çıxara bilər. Macarıstanda keçirilən parlament seçkiləri Aİ üçün ikili təsir yaradır: bir tərəfdən ideoloji və siyasi parçalanmanı gücləndirir, digər tərəfdən isə mövcud institusional çərçivə daxilində bu fərqliliklərin idarə olunması zərurətini artırır. Bu isə Aİ-nin gələcəyinin daha çox daxili balans və kompromislər üzərində qurulacağını göstərir.

 

Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Hacıyeva İlahə

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)