Donald Trump-ın İran və Venesuela ilə bağlı sərt açıqlamaları təsadüfi görünmür və ciddi qəbul olunur. Düşünürəm ki, o bu cür addımlar atanda qarşıya çıxa biləcək riskləri əvvəlcədən nəzərə alır və hansı nəticələrin ola biləcəyini anlayır. Məqsəd birbaşa enerji yataqlarını məhv etmək olmasa da, atılan addımlar həm Irana, həm də digər ölkələrə təsir göstərir və bu təsir təkcə siyasi yox, iqtisadi sahədə də hiss olunur. Bu cür yanaşma Yaxın Şərq regionunda gərginliyi artırır. Məncə, enerji məsələsi çox həssasdır və bir çox ölkə neft və qaz resurslarından asılı olduğu üçün belə vəziyyət dünya bazarında sabitliyə mənfi təsir edir. Bu da qiymətlərin dəyişməsinə, ölkələr arasında narahatlığın artmasına və ümumilikdə beynəlxalq mühitdə gərginliyin yüksəlməsinə səbəb olur. Eyni zamanda Fars körfəzi ətrafında təhlükəsizlik riskləri də artır. Fikrimcə, burada baş verə biləcək hər hansı qarşıdurma təkcə region ölkələrinə yox, daha geniş miqyasda təsir edə bilər. Çünki bu ərazi dünya enerji daşımalarının əsas nöqtələrindən biridir və burada sabitliyin pozulması böyük problemlər yarada bilər. Bundan əlavə, düşünürəm ki, bu cür açıqlamalar digər dövlətləri də daha ehtiyatlı davranmağa vadar edir. Region ölkələri artıq anlayır ki, belə bir vəziyyətdə tək hərəkət etmək çətindir və daha çox əməkdaşlıq etməyə ehtiyac var. Ümumilikdə isə bu proses Vaşinqtonun Yaxın Şərq strategiyasına həm beynəlxalq, həm də siyasi təzyiqin artmasına səbəb olur və gərginliyin tam aradan qalxmadığını göstərir.
Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Söyünlü Ləman




