Giorgia Meloni-nin Azərbaycan səfəri sadəcə diplomatik görüşü kimi görünmür, burada daha ciddi və praktiki maraqlar ön plana çıxır. Məncə, əsas məsələ enerji faktorudur, çünki İtaliya artıq Azərbaycan qazının Avropadakı ən böyük alıcılarından biridir və bu sahədə əməkdaşlığın daha da genişlənməsi gözləniləndir. Xüsusilə TAP kəmərinin gücünün artırılması və yeni enerji razılaşmaları bu səfərin ən real nəticələrindən biri ola bilər. Düşünürəm ki, məsələ təkcə enerji ilə də bitmir. İtaliyanın Azərbaycanın müdafiə sənayesinə maraq göstərməsi münasibətləri artıq daha ciddi – yəni hərbi və strateji səviyyəyə çıxarır. Bu da onu göstərir ki, tərəflər sadəcə iqtisadi yox, təhlükəsizlik sahəsində də yaxınlaşmağa başlayır. Digər tərəfdən, bu səfərin siyasi tərəfi də kifayət qədər diqqət çəkir. Meloninin bu addımı müəyyən mənada Avropada fərqli mövqenin olduğunu göstərmək cəhdi kimi görünür. Hesab edirəm ki, bu, xüsusilə Fransa-nın regiondakı siyasətinə alternativ yanaşma kimi də dəyərləndirilə bilər. Yəni İtaliya daha balanslı və praqmatik xətt tutmağa çalışır. Bu səfər eyni zamanda Azərbaycanın Avropa üçün artan əhəmiyyətinin də göstəricisidir. Çünki enerji təhlükəsizliyi məsələsi fonunda Bakı ilə əməkdaşlıq getdikcə daha strateji xarakter alır. Fikirimcə, bu cür əlaqələr gələcəkdə daha böyük layihələrin və yeni tərəfdaşlıqların əsasını qoya bilər. Sonda isə bu səfər həm real iqtisadi maraqlara xidmət edir, həm də İtaliyanın regionda rolunu artırmaq istədiyini göstərir. Məncə, bu artıq sadə görüş yox, daha çox strateji və uzunmüddətli planların bir hissəsidir.
Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Söyünlü Ləman





