Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, Politoloq Samir Hümbətov mövzu ilə bağlı Redaktor.az-a verdiyi müsahibəsində qeyd edib:
Makron o qədər də səmimi deyil.
Onun sözlərinə görə, beynəlxalq vəziyyət Makronu məcburən də olsa səmimi olmağa vadar edir:
“Çünki sülh müqaviləsini imzalamaq üçün o prosesdə iştirak edən tərəflərdən biri Amerika Birləşmiş Ştatlarıdır. Hansı ki, Fransa onun qarşısında çox da səs çıxara bilmir. Azərbaycan artıq Fransanı fakt qarşısında qoyub. Yəni bu məsələyə qədər Fransa iddia edirdi ki, guya Azərbaycan Ermənistan ərazilərini işğal etmək, ermənilərə qarşı etnik təmizləmə aparmaq istəyir və s. Amma 8 avqust razılaşması artıq hər şeyi həll etmiş oldu. Makron fakt qarşısında qalaraq özünü səmimi göstərməyə çalışır. Düşünürəm ki, elə şərait yarandığı halda, yəni istər-istəməz reallıqla barışmalı olur”.
Müsahibimiz vurğuladı ki, bu şəraiti Azərbaycan dövləti və Azərbaycan prezidentinin diplomatiyası yaradıb:
“Mövcud vəziyyətdə Ermənistanla əldə edilmiş razılaşmalar təkcə Fransanı deyil, digər ölkələri də fakt qarşısında qoyub. Makron təbrik etməli idi. Əgər etməsəydi, bu, artıq Fransanın sülh məsələsində mövqeyinin mövcud şəraitə uyğun olmadığını, Fransanın regionla bağlı tamamilə sülh istəmədiyinin açıq və bariz nümunəsi olardı. Ona görə də nisbətən özlərini bir növ maskalamaq üçün Makron dilucu da olsa sülh məsələsi, yəni tərəflər arasında əldə edilmiş razılaşma ilə bağlı təbrik etməyə məcbur oldu”.