Vladimir Putinin Çinə səfərinin əsas məqsədi Rusiya ilə Çin arasında son illərdə daha da yaxınlaşan strateji münasibətləri möhkəmləndirmək və dünyaya iki ölkənin bir-birinə dəstək verdiyini göstərməkdir. Xüsusilə Ukrayna müharibəsindən sonra Rusiyanın Qərb dövlətləri ilə münasibətlərinin ciddi şəkildə gərginləşməsi Moskvanı Çinlə əməkdaşlığa daha çox önəm verməyə məcbur edib. Putin bu səfərlə həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində Pekinlə əlaqələri daha da genişləndirmək istəyir. Düşünürəm ki, məhz bu görüşdə dünya gündəmində olan ən vacib məsələlər — Ukrayna müharibəsi, ABŞ ilə münasibətlər, Tayvan ətrafındakı gərginlik, enerji təhlükəsizliyi və yeni iqtisadi layihələr geniş şəkildə müzakirə olunacaq. Putinin Pekinə səfəri həm də Qərbə yönəlmiş siyasi mesajdır. Rusiya bununla göstərmək istəyir ki, beynəlxalq təzyiqlərə və sanksiyalara baxmayaraq hələ də dünyanın ən güclü dövlətlərindən biri olan Çinlə yaxın münasibətlər qurur. Bu isə Moskvanın tam təcrid olunmadığını nümayiş etdirmək baxımından vacibdir. Eyni zamanda Çin də Rusiya ilə münasibətləri qorumaqla ABŞ və Qərb qarşısında öz geosiyasi mövqeyini gücləndirməyə çalışır. Düşünürəm ki, iqtisadi məsələlər də səfərin əsas mövzularından biridir. Çünki Qərb bazarlarının bir hissəsini itirən Rusiya üçün Çin həm böyük ticarət tərəfdaşı, həm də enerji ixracı baxımından əsas istiqamətlərdən birinə çevrilib. Ona görə də enerji layihələri, ticarət dövriyyəsinin artırılması və milli valyutalarla hesablaşmaların genişləndirilməsi kimi məsələlərin də gündəmdə olacağı gözlənilir.Fikrimcə, bu səfər sadəcə iki liderin görüşü deyil, həm də gələcək dünya siyasətində formalaşan yeni güc balansının göstəricilərindən biridir. Çünki Rusiya və Çin son illərdə Qərbin dominant roluna qarşı alternativ siyasi və iqtisadi mərkəz yaratmağa çalışırlar. Buna görə də Putinin Pekinə səfəri beynəlxalq münasibətlər baxımından olduqca vacib və diqqətçəkən hadisədir.
Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Söyünlü Ləman





