“Azərbaycan dövləti soydaşların hüquqlarını beynəlxalq tribunalarda müdafiə etməli, yardım isə yalnız diplomatik razılaşma ilə mümkündür”
“İranın mövcud vəziyyətində Azərbaycan dövləti Güney Azərbaycandakı soydaşlarımıza necə yardım edə bilər? Məncə, Azərbaycan dövləti bu mərhələdə yalnız İran hakimiyyəti ilə danışıqlar aparmaq yolu ilə humanitar yardım göstərə bilər. Bu yardım soydaşlarımızın müalicəsi, ehtiyaclarının ödənilməsi, Təbriz və digər bölgələrə tibbi və sosial dəstək kimi formalaşa bilər”.
Bu fikri Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədr müavini, Politoloq Teymur Qasımlı hafta.az-a verdiyi müsahibəsində qeyd edib.
“Quzey Azərbaycandakı dövlətimizin İrandakı soydaşlarımızın hazırkı durumda gözlənilən təhlükələrdən mümkün qədər qorunması üçün hansı tədbirləri görmək imkanı var?” Politoloq sualını cavablandırarkən söyləyib.
“Amma nəzərə almaq lazımdır ki, İran hakimiyyətinin belə yardımı qəbul etməsi real görünmür. Buna görə də Azərbaycan dövləti, soydaşlarımızın hüquqlarını beynəlxalq hüquq çərçivəsində qorumağa və müdafiə etməyə çalışmalıdır. Bunun üçün beynəlxalq təşkilatlarda, diplomatik kanallarda məsələnin gündəmdə saxlanılması vacibdir.
Həmçinin, Güney Azərbaycandakı soydaşlarımızın da bu müharibə ilə bağlı mövqeyi aydın deyil. Onların bir hissəsi İran dövlətinin yanında İsrailə qarşı mövqe sərgiləyirlər. Bu isə Azərbaycanın addımlarını daha diqqətli və diplomatik aparmasını zəruri edir”, – deyə davamında Politoloq bildirib.