Türkiyəli Siyasət Uzmanı, Beynəlxalq Münasibətlər Professoru Hüsaməttin İnaç İRDS Center (BMDAM) – a mövzu ilə bağlı müsahibəsində qeyd edib:

Xüsusilə bugün ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hücum hər birimizi heyrətləndirən bir hadisə oldu. Məlum olduğu kimi, Venesuela yaxın keçmişdə ciddi bir blokada altına alınmışdı. Bu blokadanın ən böyük səbəbi, hamımıza bəlli olduğu üzrə, Venesuelanın çox zəngin təbii qaz və neft yataqlarına sahib olması idi. Tramp olduqca təəccüblü bir şəkildə bu resursların əslində onlara məxsus olduğunu və Venesuelanın bunları ‘oğurladığını’ iddia etdi. Bununla kifayətlənməyən Tramp, eyni zamanda Venesuelanı ‘narko-dövlət’ elan edərək Amerikanı narkotiklə təchiz etməkdə, həmçinin terror təşkilatlarını və cinayətkar dəstələri ‘miqrant’ adı altında ABŞ-a sızdırmaqda ittiham etdi.
Əslində, bütün bunlar hamımızın gördüyü kimi, sadəcə bir bəhanə və uydurulmuş səbəblərdən ibarətdir. Tramp, 40 trilyon dollara çatan xarici borcunu ödəyə bilmək üçün təbii qaz, neft və nadir elementləri olan ölkələri hədəfə qoyur və müxtəlif bəhanələrlə onlara hücum edir. Müstəqil və suveren bir dövlətin bu cür hücuma məruz qalması bütün dünyanı daha az təhlükəsiz bir məkana çevirdi. Bundan sonra hər bir ölkə bənzər bir hücumun potensial hədəfi kimi qiymətləndirilə biləcəkdir. Bu baxımdan, Amerikanın bu təcavüzkar addımı ilə Tramp ‘sülh elçisi’ olmaq iddiasını əhəmiyyətli dərəcədə itirmişdir.
Amerika artıq son 15-20 illik prosesdə qlobal hegemon güc olmaq iddiasını ciddi şəkildə zəiflədən hadisələr yaşamaqda və etibarını mərhələli şəkildə itirməyə doğru getməkdədir. Dolayısı ilə, bundan sonrakı proseslərdə artıq Amerikanın vasitəçiliyi, tərəfləri uzlaşdırmaq cəhdləri və ya Amerikanın iştirakı ilə əldə olunan sülh müqavilələri qalıcı, ədalətli və haqlı olmayacaqdır. Nitekim Trampın ‘səkkiz yerdə sülhü təmin etdik’ sözləri də reallığı əks etdirməyən, sadəcə havada qalan bəyanatlardır. Məsələn, Azərbaycan və Ermənistan arasındakı sülh nümunəsinə baxdıqda görürük ki, atəşkəs onsuz da çox öncədən təmin edilmişdi. Amerika və ya buradakı Tramp administrasiyası sadəcə şou göstərmək məqsədilə hər iki tərəfi bir araya gətirərək bu vəziyyəti ABŞ-da rəsmiləşdirmiş oldu.
Hazırda digər sülh cəhdlərinin çoxu da pozulmağa doğru gedir. Məsələn, Ukrayna-Rusiya mövzusunda hələ də sülhü təmin edə bilməyən bir Amerika var. Qəzza soyqırımında isə ikinci mərhələyə keçərək Fələstinin necə və hansı formada idarə olunacağını müəyyənləşdirə bilməyən, bu məsələdə qətiyyət nümayiş etdirməyən bir Amerika ilə qarşı-qarşıyayıq. Amerika öz gücünü mütəmadi olaraq itirir və qısamüddətli bəzi gözləntilərinə görə böyük itkilər verir. Bu gedişat gələcəkdə başqa coğrafiyalarda və digər ölkələrdə də bənzər hallar üçün bir nümunə (pretsedent) təşkil edə bilər.
Bütün bunlar Birləşmiş Millətlər Təşkilatı sisteminin və İkinci Dünya Müharibəsindən sonra qurulan beynəlxalq hüquq mexanizminin artıq işləmədiyinin ən bariz nümunələridir. Müdafiə Nazirliyini ‘Müharibə Nazirliyi’nə çevirən Tramp rəhbərliyinin, təəssüf ki, dünyada sülhü bərqərar edə biləcək bacarıqdan və niyyətdən olduqca uzaq olduğu görünməkdədir.
Turan Əlizadə






