Rusiya ilə Ukrayna arasındakı münaqişə 2014-cü ildə Krımın ilhaqı ilə başladı. Gərginlik 2022-ci ilin fevralında Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinə qədər davam etdi.
Həmin dövrdə ABŞ Prezidenti Cozef Bayden idi və o, hakimiyyətinin son gününə qədər bu müharibədə Ukraynanı dəstəklədi. 2024-cü ilin noyabrında ABŞ-də keçirilən prezident seçkilərində Donald Trampın yenidən hakimiyyətə gəlməsi ilə ABŞ–Ukrayna münasibətlərində yeni bir dövr başladı. Tramp seçki kampaniyası ərəfəsindəki şüarlarında hakimiyyətə gələn kimi bu müharibəni bitirəcəyini bəyan edirdi. Həmin dövrdə cəbhədəki nisbi üstünlük Rusiyanın tərəfində idi və Tramp Rusiya–Ukrayna müharibəsinə dair siyasətini də buna uyğun qurdu.
Hakimiyyətə gəldikdən təxminən bir ay sonra — 28 fevral 2025-ci ildə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ağ Evdə açıq görüş keçirildi. Bu görüş müasir diplomatiya tarixinin ən gərgin məqamlarından biri kimi yadda qaldı. Başda Prezident Donald Tramp olmaqla, ABŞ nümayəndə heyəti diplomatik protokollara riayət etməməklə yanaşı, Ukrayna prezidentinə müharibəni dayandırmaq yönündə ciddi təzyiqlər göstərdi. Bu təzyiqin əsas səbəbi sadəcə cəbhədəki üstünlük deyildi. Biznes düşüncəsinə sahib olan Tramp müharibəni dayandıraraq ABŞ-nin Ukraynaya verdiyi maddi dəstəyi geri almaq istəyirdi. Məlum olduğu kimi, müharibə dərhal bərabərləşsə belə, rəsmi məlumatlara əsasən, Ukraynanın ABŞ-yə olan təxminən 200 milyard dollarlıq borcu ödəmək imkanı yox idi. Tramp isə vəziyyətdən istifadə edərək bu məbləğin qarşılığını Ukraynanın zəngin yeraltı ehtiyatları və nadir metal elementləri ilə təmin etməyə çalışırdı. Lakin Oval Kabinetdə yaşanan qalmaqal bu müqavilənin imzalanmasına mane oldu, çünki şərtlərin bir hissəsi kəskin şəkildə Ukraynanın əleyhinə idi. Daha sonra müqavilə şərtləri həm ABŞ, həm də Ukraynanın maraqlarına uyğun balanslaşdırılaraq 30 aprel 2025-ci ildə imzalandı və 8 may 2025-ci ildə Ukrayna tərəfindən rəsmiləşdirildi.
Bəs necə oldu ki, bir il sonra Zelenski ABŞ-də tamamilə fərqli qarşılandı? 2025-ci il fevralın 28-dən 2026-cı il iyulun 28-dək olan dövrdə beynəlxalq siyasətdə nələr dəyişdi?
• İlk olaraq, 2025-ci ilin iyununda ABŞ və İsrail ilə İran arasında 12 günlük müharibə başladı.
• Ardınca, 2026-cı ilin yanvarında ABŞ-nin Venesuela Prezidenti Maduroya qarşı əməliyyatı baş tutdu.
• Daha sonra ABŞ-nin Qrenlandiya böhranı və Avropa İttifaqı (Aİ) ilə gərginliyi alovlandı.
Yekun olaraq, 2026-cı il fevralın 28-də yenidən başlayan və hələ də davam edən ABŞ–İran müharibəsi Ukrayna tərəfinin mövqeyini möhkəmləndirən önəmli amillərdən birinə çevrildi. Xüsusilə ABŞ və Aİ arasında münasibətlərin pisləşməsi Aİ dövlətlərinin Ukraynaya dəstəyini artırmasına, ABŞ-yə qarşı daha sərt mövqe tutmasına, eləcə də Ukraynanın və NATO-nun Vaşinqtondan asılılığını azaltmaq yönündə addımlar atmasına təkan verdi.
28 fevral görüşündən sonra Rusiya–Ukrayna cəbhəsindəki vəziyyət treki Ukraynanın lehinə dəyişməyə başladı. Ukraynanın xaricdən silah idxalını azaldaraq yerli hərbi istehsala üstünlük verməsi ölkəni müdafiə mövqeyindən çıxarıb hücum fazasına keçirdi. Müharibənin son aylarına nəzər salsaq, Ukraynanın yerli istehsalı olan dronların artıq kütləvi şəkildə Moskva səmalarında göründüyünün şahidi olarıq.
Zənnimcə, keçən dövr ərzində Donald Tramp cəbhədəki prosesləri diqqətlə izləyib. Xüsusilə Zelenskinin ABŞ səfərindən öncə Xəzər dənizi hövzəsində İranın Rusiyaya hərbi sürsat daşıdığı iddia edilən yük gəmisinin vurulması Trampı məmnun edən amillərdən biridir.
Nəticə etibarilə, Donald Tramp xarakter baxımından hər zaman güclünün yanında olmağı seçən bir siyasətçidir. Bu gün cəbhədəki üstünlüyü nəzərə alsaq, güclü tərəfin Zelenski olduğunu demək mümkündür. Əgər Ukrayna dövlət başçısı müharibədəki bu üstünlüyünü qoruyub saxlaya bilsə, Trampla münasibətlərinin kifayət qədər müsbət məcrada inkişaf edəcəyini proqnozlaşdırmaq olar.
Turan Əlizadə





