Putinin BRICS sammitində iştirakı Rusiya ilə Hindistan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edən mühüm addım kimi qiymətləndirilə bilər. Bu səfər iki ölkə arasında siyasi dialoqun intensivləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın dərinləşməsinə əlavə imkanlar yarada bilər. Xüsusilə son illərdə qlobal siyasi və iqtisadi proseslərdə baş verən dəyişikliklər fonunda Moskva və Nyu-Dehlinin əlaqələrə xüsusi önəm verməsi diqqət çəkir. Düşünürəm ki, BRICS sammiti çərçivəsində keçiriləcək görüşlər enerji, ticarət, nəqliyyat, texnologiya və təhlükəsizlik sahələrində yeni razılaşmaların əldə olunmasına şərait yarada bilər. Hindistan Rusiya üçün Asiyada vacib tərəfdaşlardan biri hesab olunur, Rusiya isə Hindistanın enerji və müdafiə sahəsində əsas əməkdaşlarından biridir. Buna görə də liderlər arasında keçirilən hər bir görüş ikitərəfli münasibətlərin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda, bu səfər BRICS daxilində əməkdaşlığın gücləndirilməsi baxımından da önəmli hesab oluna bilər. Hazırda təşkilata üzv ölkələr qlobal iqtisadiyyat, maliyyə sistemi və beynəlxalq təhlükəsizlik məsələlərində daha fəal rol oynamağa çalışırlar. Bu baxımdan Rusiya və Hindistanın ortaq mövqelərinin yaxınlaşması BRICS-in beynəlxalq arenadakı təsir imkanlarını daha da artırmağa kömək edə bilər. Fikrimcə, Putinin Nyu-Dehliyə səfəri yalnız iki ölkə arasındakı münasibətlərin inkişafına deyil, həm də çoxtərəfli əməkdaşlığın genişlənməsinə xidmət edən mühüm siyasi hadisədir. Bu görüş tərəflərin bir-birinə olan etimadını nümayiş etdirməklə yanaşı, gələcəkdə yeni iqtisadi layihələrin, investisiya imkanlarının və regional təşəbbüslərin formalaşmasına da zəmin yarada bilər. Bütün bunlar göstərir ki, sammit çərçivəsində aparılacaq müzakirələr həm Rusiya-Hindistan münasibətləri, həm də BRICS-in gələcək fəaliyyəti baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Söyünlü Ləman





