Türkiyəli Politoloq, Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz mövzu ilə bağlı İRDS Center (BMDAM) a verdiyi müsahibədə qeyd edib ki:

ABŞ və ondan əvvəl İngiltərənin, Pəhləvi sülaləsini yenidən İranda hakimiyyətə gətirmək üçün uzunmüddətli bir hazırlıq prosesi keçdikləri məlumdur. Daha əvvəl müxtəlif televiziya proqramlarında və məqalələrimdə də qeyd etdiyim bir məqamı xüsusi vurğulamaq istəyirəm: Əvvəlcə İngiltərə, daha sonra isə ABŞ, Rza Pəhləvi nəslini himayə edərək, onların İranda iqtidara gəlməsi üçün ciddi fəaliyyət göstərirlər. Bu gün baş verən hadisələr, həmin proqnozlarımızın artıq konkret müstəviyə keçdiyini göstərir.
Qərbin Rejim Dəyişikliyi Planı
Qərb dövlətləri, yəni İngiltərə və Amerika; İrandakı daxili iğtişaşlardan yararlanaraq və xalqın illərdir davam edən Molla rejimindən narazılığını manipulyasiya edərək idarəçiliyi dəyişməyə çalışır. Onlar indiyə qədər Pəhləvi sülaləsini qorumaqla və onlara dəstək verməklə, gələcəkdə öz nəzarətlərində olacaq bir hakimiyyət formalaşdırmağa hazırlaşırlar. Hazırda bu prosesdə aparıcı rolu İngiltərədən ABŞ təhvil almışdır.
İranın Bölünmə Təhlükəsi və Türk Gerçəkliyi
İrandakı daxili sarsıntılar ölkənin parçalanmasına, yoxsa sadəcə hakimiyyət dəyişikliyinə səbəb olacaq? Əgər dəyişiklik baş verərsə, bu, hansı siyasi ox üzrə inkişaf edəcək? Bu suallar hələ də qeyri-müəyyənliyini qoruyur. Lakin bir həqiqət var: İran əhalisinin böyük hissəsi Türklərdən ibarətdir. Bəzi hesablamalara görə, İranda yaşayan Türklərin sayı ümumi əhalinin 45%-nə çatır. Unutmaq olmaz ki, İran 1925-ci ilə qədər faktiki olaraq bir Türk dövləti idi. İngiltərə və ABŞ başda olmaqla Qərbin pərdəarxası fəaliyyətinin əsas məqsədi, hakimiyyətin yenidən Türklərin əlinə keçməsinin qarşısını almaqdır.
Strateji Hədəf: Türklərin Hakimiyyətdən Uzaq Tutulması
Məsələyə belə yanaşmaq lazımdır: Qərb üçün əsas məqsəd Pəhləvi övladlarından birini hakimiyyətə gətirməkdən ziyadə, Türklərin idarəçiliyi ələ almasına imkan verməməkdir. Rza Pəhləvinin övladlarının illərdir bu məqsəd üçün hazırlanmasının kökündə məhz bu strateji qorxu dayanır. İranın bin ildən artıq bir müddətdə Türklər tərəfindən idarə olunan bir Türk yurdu olduğunu bilən Qərb, mümkün bir iqtidar dəyişikliyində Türklərin deyil, öz nəzarətlərində olan şəxslərin və ya Pəhləvi sülaləsinin idarəçiliyini təmin etmək istəyir.
Molla Rejimindən Sonrakı Model
İran xalqının mövcud rejimdən bezdiyi bir reallıqdır. Gələcək planlarda Molla təbəqəsinin səlahiyyətlərinin məhdudlaşdırılması, onların statusunun Prezidentdən daha aşağı səviyyəyə – bir növ Dini İşlər İdarəsi kimi icraçı bir quruma endirilməsi və güclü bir Prezidentlik sisteminin qurulması nəzərdə tutulur. Bu keçid prosesində idarəçiliyin Türklərin əlinə keçmə ehtimalı yüksək olsa da, Qərbin bütün gücü ilə buna mane olmağa çalışdığı və “nə olursa olsun, təki Türklər gəlməsin” məntiqi ilə hərəkət etdiyi aydın görünür.
Türk Dünyasının Tarixi Vüsalı
Əgər İranda hakimiyyət yenidən Türklərin əlinə keçərsə, Türk dünyası daha bir Türk dövləti qazanmış olacaq. Belə bir ssenaridə Türkiyə; Türkistan və Azərbaycan ilə yanaşı, İran üzərindən də birbaşa coğrafi və strateji bağlantı əldə edəcəkdir. Şübhəsiz ki, bu, Qərbin qətiyyən istəmədiyi və qarşısını almaq üçün bütün imkanlarını səfərbər etdiyi ən böyük geosiyasi təhlükədir.
Turan Əlizadə





