Paşinyanın seçki öncəsi Rusiyaya səfərinin məqsədi nədir?
Nikol Paşinyan-ın 2026-cı il aprelin 1-də Moskvaya səfəri adi bir görüş kimi görünmür. Bu səfər daha çox iyun ayında keçiriləcək seçkilərlə bağlıdır və Paşinyan burada öz mövqeyini qorumağa çalışır. Mənim fikrimcə, səfərin əsas məqsədlərindən biri Rusiya ilə münasibətləri gərginləşdirməməkdir. Çünki Ermənistan daxilində Rusiyaya yaxın müxalif qüvvələr var və bu da seçkilərdə ona problem yarada bilər. O, çalışır ki, Rusiya açıq şəkildə onun əleyhinə mövqe tutmasın. Görüşdə seçkilərlə bağlı bəzi məsələlərin də müzakirə olunduğu ehtimal olunur. Rusiya özünə yaxın şəxslərin siyasətdə yer almasını istəyir, amma Paşinyan qanunları əsas gətirərək buna tam razılaşmır. Səfərin digər vacib tərəfi iqtisadi məsələlərlə bağlıdır. Xüsusilə Azərbaycan üzərindən nəqliyyat əlaqələrinin müzakirəsi diqqət çəkir. Bu, məncə regionda yeni bir mərhələnin başladığını göstərir və Ermənistan üçün iqtisadi baxımdan önəmlidir. Eyni zamanda bu səfər Paşinyanın balans siyasəti apardığını göstərir. Yəni bir tərəfdən Qərbə yaxınlaşmaq istəyir, digər tərəfdən isə Rusiyanı itirmək istəmir. Sonda demək olar ki, bu səfər sadəcə diplomatik görüş deyil, daha çox seçki öncəsi vəziyyəti nəzarətdə saxlamaq və həm daxili, həm də xarici təzyiqləri azaltmaq məqsədi daşıyır. Düşünürəm ki , bu cür addımlar göstərir ki, Nikol Paşinyan hazırkı vəziyyətdə risk etməməyə çalışır və daha çox balanslı siyasət aparmağa üstünlük verir. Bu isə onu göstərir ki, qarşıdakı seçkilər təkcə Ermənistan daxilində yox, həm də region üçün müəyyən təsirlərə səbəb ola bilər.
Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Söyünlü Ləman





