Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədri, Politoloq Samir Hümbətov verdiyi açıqlamada qeyd edib ki:
Bildiyimiz kimi, Alyaskada ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında mühüm görüş keçirilib. Qlobal diqqət mərkəzində olan bu görüşün əsas mövzusu Rusiya–Ukrayna müharibəsi və onun mümkün sonluğu olub.
Görüşdə yadda qalan əsas məqam tərəflərin şərtlərlə bağlı kəskin fikir ayrılığı idi. Moskva Kiyevin işğal olunmuş ərazilərdən əl çəkməsini istəmir, əksinə, Ukraynanın təslim olmasını tələb edir. Ukrayna isə əks şərt irəli sürərək, Rusiyanın tam şəkildə geri çəkilməsini istəyir. Tramp kompromis axtarışında olsa da, nəticədə görüşdən konkret sənəd çıxmayıb.
Hazırda əsas sual budur: Tramp, Putin və Zelenski arasında keçiriləcək mümkün görüşdən hansı nəticələr əldə oluna bilər? Bu məsələ indi dünyanın diqqət mərkəzində dayanır.
Politoloq Samir Hümbətov yenifikir.media-ya açıqlamasında bildirib ki, əslində ABŞ, Rusiya və Ukrayna liderlərinin üçtərəfli görüşü baş tutmayıb, yalnız ikitərəfli görüşlər keçirilib. Onun sözlərinə görə, yaxın vaxtlarda ABŞ, Rusiya və Ukrayna münasibətlərində ciddi dəyişiklik gözlənilmir:
“Artıq liderlər öz mövqelərini bəyan ediblər və kimin hansı mövqedə dayandığı aydındır. Bundan sonra geri dönüşün mümkün olub-olmayacağı müəmmalı görünür. Hər kəs öz şərtlərini irəli sürüb və həmin şərtlərin icrasını gözləyir. Amma hazırda bu şərtlərin reallaşması real deyil”.
Ekspert hesab edir ki, müharibənin dayandırılması yaxın perspektivdə mümkün deyil:
“Düzdür, Tramp müharibənin dayandırılmasını istəyir, amma indiki şəraitdə bunun üçün lazım olan addımlar atılmır. Putin tələb edir ki, Ukrayna təslim olsun. Ukrayna isə bildirir ki, Rusiya tamamilə işğal etdiyi ərazilərdən geri çəkilməlidir. Bu şərtləri isə tərəflər qəbul etmək istəmirlər”.
Samir Hümbətovun sözlərinə görə, Ukraynadakı müharibə Azərbaycan -Ermənistan münaqişəsinə bənzəmir:
“Burada ssenarini tərəflərin özləri yazır və özləri də icra edirlər. Ona görə də ABŞ, Rusiya və Ukrayna liderləri arasında yaxın zamanda ciddi nəticə gözləmək çətindir”.