Avqustun 15 – də ABŞ-ın Alyaska ştatında ABŞ və Rusiya prezidentləri Donald Tramp ilə Vladimir Putin arasında ikitərəfli görüşün keçirilməsi gözlənilir. Belə ki, Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində qeyd edib ki, onunla Putin arasında yaxın günlərdə görüşün keçirilməsinə dair razılıq əldə olunub. ABŞ mediası da bu məlumatı təsdiqləyib. Lakin Rusiya tərəfindən hələ ki, bu barədə dəqiq məlumat verilməyib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bu görüşün keçirilməsi üçün gələn həftənin nəzərdən keçirildiyini, lakin hazırlığın dəqiq vaxtının hələ müəyyən edilmədiyini açıqlayıb. Onun sözlərinə görə, tərəflər görüşün yeri barədə də razılığa gəliblər və bu barədə daha sonra məlumat veriləcək. Bundan əlavə, Uşakov Vladimir Putin, Donald Tramp və Volodimir Zelenski arasında ehtimal edilən üçtərəfli görüşlə bağlı məlumatları şərh edərək bildirib ki, ABŞ nümayəndəsi Uitkoffun səsləndirdiyi bu təşəbbüs Moskva tərəfindən şərh edilməyib.
ABŞ görüş məsələsində ciddidir
Alyaska ştatının qubernatoru Mayk Danlivi “X” sosial şəbəkəsində bildirib ki, Alyaska ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirməyə hazırdır. Qubernator vurğulayıb ki, Alyaskada qlobal əhəmiyyətli müzakirələrin aparılması məntiqə uyğundur. “Əsrlər boyu Alyaska ölkələr arasında körpü rolunu oynayıb və bu gün biz dünyanın ən mühüm regionlarından birində diplomatiya, ticarət və təhlükəsizlik üçün qapı olaraq qalırıq”, – deyə M.Danlivi yazıb. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens isə öz sosial şəbəkə hesabında qeyd edib ki, ABŞ-ın Ukraynada münaqişənin sülh yolu ilə həll olunmasında mövqeyi qətidir: “Biz Ukraynadakı müharibəni maliyyələşdirməkdən yorulmuşuq və sülh yolu ilə nizamlanmasına çalışırıq. Artıq Amerika vergi ödəyiciləri bu müharibəni maliyyələşdirməkdən bezib. Buna görə də biz Ukraynaya hərbi yardım etməyəcəyik. Lakin əgər Avropa ödəniş edib Ukrayna üçün silah almaq istəyirsə biz buna qarşı deyilik”. Avqustun 8 – də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə görüşündə Trampın Putin və Zelenski ilə görüşməyə hazır olması barədə bəyanatı da xüsusi diqqət çəkir. “Mən çox yaxında Putinlə görüşəcəm. Bu görüş yeri çox populyar olacaq. Məncə həm Putin, həm də Zelenski sülh istəyir. Biz sülh üçün sonuncu şansdan istifadə etmək istəyirik,” – deyə Tramp vurğulayıb.
Moskva bu görüşə razıdır
Məsələ ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Rəhbəri, Politoloq Samir Hümbətov “Yeni Azərbaycan” qəzetinə verdiyi açıqlamasında qeyd edib:
Alyaskada Tramp-Putin görüşünün baş tutması ehtimal olunur. “Hesab edirəm ki, belə bir görüşün keçirilməsi Moskvaya sərf edir. Çünki hazırda Rusiyanın özündə çox ağır iqtisadi vəziyyət hökm sürür. Moskva bu vəziyyətdən çıxmaq istəyir. Təbii ki, bu da ABŞ-la qarşılıqlı razılaşmalardan asılıdır. Ola bilər ki, Tramp öz nümayəndəsi Stiv Uitkoff vasitəsilə Putinə mesaj göndərib ki, əgər Moskva Ukraynada müharibəni dayandırarsa və atəşkəsə razı olarsa, o, Rusiya üzərində beynəlxalq təcridi və ağır sanksiyaları aradan qaldıracaq. Bu baxımdan Moskvanın prosesi uzatması inandırıcı görünmür. Proses uzandıqca Rusiya Ukraynada daha çox itki verir və maliyyə resursları tükənir. Görünən budur ki, Moskva Alyaskadakı görüşə razı olacaq. O ki qaldı bu görüşdə hansı məsələlərin müzakirə olunacağına, böyük ehtimalla, Ukraynada ərazilərin güzəşti ilə bağlı məsələ əsas müzakirə predmeti olacaq. Sözsüz ki, digər məsələlərə də toxunulacaq,”- deyə S.Hümbətov vurğulayıb.