Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Venesuela və Maduronu nə gözləyir? – AÇIQLAMA

Türkiyəli Politoloq, Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) rəhbəri Mehmet Gökhan Özçubukçu mövzu ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinə (İRDS CENTER) müsahibəsində qeyd edib.

ABŞ-ın Venesuelaya qarşı son addımlarını anlamaq üçün məsələni tək bir hadisə kimi deyil, uzunmüddətli güc və resurs strategiyası çərçivəsində qiymətləndirmək lazımdır. Sualın əvvəlində qeyd etdiyiniz kimi, ABŞ bu gün tarixinin ən ağır borc yüklərindən biri ilə üz-üzədir. Təxminən 37 trilyon dollarlıq xarici borc təkcə iqtisadi problem deyil; eyni zamanda Vaşinqtonun qlobal liderlik iddiasını davam etdirmə qabiliyyətini zorlayan struktur böhrandır. Trampın siyasi yanaşması da məhz bu nöqtədə klassik Amerika xarici siyasətindən ayrılır. Tramp, ABŞ-ın dünya nizamını “maliyyələşdirən” ölkə olmasını rədd edən, bunun əvəzinə başqalarının resurslarını və coğrafiyalarını Amerika maraqları naminə istifadə etməyi hədəfləyən bir xətti təmsil edir. Buna görə də Ukrayna, Venesuela və hətta Qrenlandiya kimi mövzular bir-birindən ayrı deyil; onların hamısı eyni strateji məntiqin məhsuludur.

Venesuela bu strategiyada son dərəcə kritik mövqeyə malikdir. Dünyanın ən böyük neft ehtiyatlarından birinə sahib olması, təbii qaz potensialı, Karib dənizinə açılan geosiyasi mövqeyi və uzun müddətdir ABŞ-a qarşı siyasi xətt tutması bu ölkəni Vaşinqton üçün “həll olunmalı məsələ”yə çevirmişdi. Lakin ABŞ birbaşa “enerji resursları üçün müdaxilə edirəm” demir; bunun əvəzinə qeyri-qanuni silah ticarəti, narkotik qaçaqmalçılığı, mütəşəkkil cinayətkarlıq və dövlət tərəfindən idarə olunan qanunsuz şəbəkələr ritorikasını ön plana çıxarır. Bu, həm Amerika ictimaiyyətinə, həm də beynəlxalq birliyə təqdim edilən klassik legitimlik əsaslandırmasıdır. Prosesin aylar əvvəlindən başlaması təsadüfi deyil; bu cür müdaxilələr həmişə əvvəlcə ritorika ilə, sonra sanksiyalarla, ən sonda isə güc tətbiqi ilə həyata keçirilir.

Bu gün gəlinən nöqtədə Maduronun birbaşa hədəfə alınması Venesuela böhranının yeni mərhələyə keçdiyini göstərir. Bu artıq yalnız rejimi təzyiq altında saxlmaq və ya davranış dəyişikliyi yaratmaq cəhdi deyil; rejimi faktiki olaraq funksiyasız vəziyyətə salmaq və ölkənin siyasi taleyini yenidən formalaşdırmaq təşəbbüsüdür. Maduronun siyasi gələcəyi baxımından bu prosesin onun xeyrinə nəticələnməsi olduqca çətindir. Ya ABŞ dəstəkli keçid prosesi ilə Venesuelada yeni bir idarəetmə qurulmağa çalışılacaq, ya da ölkə uzunmüddətli xaos, hakimiyyət boşluğu və daxili çəkişmələr dövrünə sürüklənəcək. Hər iki ssenaridə Venesuelanın qısa müddətdə sabitliyə qovuşması asan görünmür.

Burada əsas sual Venesuela dövlətinin və ordusunun hansı mövqe tutacağıdır. Liderin prosesdən kənarlaşdırılması avtomatik olaraq sistemin çökməsi demək deyil. Lakin Latın Amerikası tarixinə baxıldıqda, xarici müdaxilələrlə formalaşan hakimiyyət dəyişikliklərinin adətən institusional dağılma, cəmiyyətin qütbləşməsi və uzunmüddətli qeyri-sabitlik yaratdığı görülür. Bu da Venesuelanı təkcə siyasi deyil, həm də humanitar böhranın astanasına gətirə bilər. Yeni miqrasiya dalğaları, ərzaq və enerji təminatında problemlər, təhlükəsizlik boşluqları regiona birbaşa təsir göstərəcək.

Regional müstəvidə Latın Amerikası üçün bu proseslər son dərəcə sarsıdıcıdır. ABŞ-ın birbaşa hərbi güc tətbiq etməsi və ya bunu açıq şəkildə gündəmə gətirməsi region ölkələrinə aydın mesaj verir: Vaşinqton özünün “arxa bağçası” hesab etdiyi coğrafiyada zərurət yarandıqda sərt gücdən istifadə etməkdən çəkinməyəcək. Bu isə Latın Amerikasında onsuz da kövrək olan siyasi tarazlıqları daha da poza bilər. Bəzi ölkələr ABŞ ilə münasibətləri qorumaq naminə səssiz qalacaq, digərləri isə bu prosesi açıq suverenlik pozuntusu kimi qiymətləndirərək qarşı mövqe tutacaq. Nəticədə region daxilində yeni bölünmə xətləri, yeni ittifaqlar və daha dərin ideoloji ayrışmalar yarana bilər.

Beynəlxalq müstəvidə isə Venesuela böhranı böyük güclər arasındakı rəqabətin yeni cəbhələrindən birinə çevrilir. Rusiya, Çin və İran kimi aktorlar ABŞ-ın bu cür müdaxilələrini təkcə Venesuelaya yönəlmiş addım kimi deyil, öz təsir sahələrinə qarşı güc nümayişi kimi qiymətləndirirlər. Buna görə də baş verənlər qlobal sistemdə artıq artmaqda olan qütbləşməni daha da dərinləşdirə bilər. Beynəlxalq hüquq, suverenlik prinsipi və müdaxilə məsələləri yenidən gündəmin mərkəzinə qayıdır; lakin praktikada güc balansları hüququn önünə keçir.

Enerji aspekti isə bu böhranın ən kritik, lakin ən az açıq şəkildə danışılan tərəfidir. Venesuelanın enerji resurslarının qlobal sistemə hansı şərtlərlə inteqrasiya ediləcəyi və ABŞ-ın bu prosesdən nə dərəcədə iqtisadi və strateji qazanc əldə edəcəyi həlledici olacaq. Lakin burada da bir yanlış təsəvvür mövcuddur: Rejim dəyişikliyi dərhal enerji istehsalının artacağı və ya bazarların sürətlə rahatlayacağı anlamına gəlmir. Əksinə, infrastruktur problemləri, daxili təhlükəsizlik riskləri və siyasi qeyri-müəyyənlik səbəbilə Venesuela enerji bazarı uzun müddət dalğalı qalacaq.

Bəs Maduro və Venesuelanı nə gözləyir?

Bu mərhələdə əsas sual budur: Maduronun sonu qətidirmi, yoxsa Venesuela yeni və daha mürəkkəb qeyri-müəyyənlik dövrünəmi daxil olur? Mövcud mənzərəyə baxıldıqda Maduronun əvvəlki mənada siyasi gücünü davam etdirməsi demək olar ki, mümkünsüz görünür. Lakin bu, Venesuelada sürətli, nizamlı və sabit keçidin baş verəcəyi anlamına gəlmir. Əksinə, Maduro sonrası dövr ölkə üçün ən az Maduro dövrü qədər çətin və kövrək bir prosesin başlanğıcı ola bilər.

Maduronun faktiki olaraq prosesdən kənarlaşdırılması və ya təsirsizləşdirilməsi Venesuelada hakimiyyətin avtomatik şəkildə dəyişəcəyi demək deyil. Çünki Venesuelada hakimiyyət yalnız bir şəxsin ətrafında formalaşmayıb; ordu, kəşfiyyat strukturları, dövlət daxilindəki iqtisadi şəbəkələr və illər ərzində formalaşmış sədaqət münasibətləri hələ də əsas aktorlardır. Maduro getsə belə, bu strukturların hamısının birdən-birə dağılması gözlənilməməlidir. Bu da Venesuelanı qısa müddətdə “lider sonrası boşluq” dövrünə sürükləyə bilər. Tarixi təcrübə göstərir ki, bu cür boşluqlar adətən sabitlik deyil, daha dərin xaos yaradır.

Maduro baxımından üç əsas ssenari ön plana çıxır. Birinci ssenari beynəlxalq səviyyədə mühakimə olunması və uzunmüddətli siyasi təcrid prosesidir. Bu halda Maduro Venesuela siyasətindən tamamilə silinir və simvolik olaraq “köhnə rejimin məsul şəxsi” mövqeyinə yerləşdirilir. İkinci ssenari Maduronun faktiki olaraq təsirsizləşdirildiyi, lakin daxildə müəyyən sədaqət nüvəsini qoruduğu və uzunmüddətli siyasi kölgə fiquruna çevrildiyi variantdır. Bu vəziyyət Venesuelada daimi qeyri-sabitlik və əks-hərəkat qorxusu yaradar. Üçüncü və ən riskli ssenari isə Maduronun simvolik müqavimət fiquruna çevrilməsi və bunun daxili toqquşmaları alovlandırmasıdır. Bu halda Venesuela Liviya tipli parçalanma riski ilə üz-üzə qala bilər.

Venesuelanı gözləyən əsas problem Maduradan sonra “kimin gələcəyi” sualından daha çox, hansı dövlət strukturunun ayaqda qalacağıdır. ABŞ dəstəkli və ya Qərbə yaxın keçid hakimiyyəti formalaşdırılsa belə, bunun cəmiyyət daxilində legitimlik yaratması son dərəcə çətin olacaq. İllərlə ağır sanksiyalar altında yaşamış, iqtisadi baxımdan çökmüş və xarici müdaxilələrə qarşı həssas reflekslər formalaşdırmış bir cəmiyyətdən söhbət gedir. Buna görə də yeni hakimiyyət qısa müddətdə rifah yarada bilməzsə, ictimai narazılıq sürətlə yenidən arta bilər.

İqtisadi baxımdan Venesuelanı son dərəcə ağrılı proses gözləyir. Neft və təbii qaz zənginliyi çox zaman “sürətli bərpa” təsəvvürü yaradır, lakin reallıq daha mürəkkəbdir. İnfrastruktur ciddi şəkildə köhnəlib, istehsal gücü azalıb, insan kapitalı ölkəni tərk edib. Buna görə də Maduro sonrası Venesuela qısa müddətdə enerji cənnəti deyil, uzunmüddətli yenidənqurma tələb edən kövrək iqtisadiyyat olacaq. Bu isə xarici aktorların ölkə daxilində təsirini artıracaq və suverenlik mübahisələrini daha da dərinləşdirədir.

Cəmiyyət müstəvisində isə Venesuelanı ən ağır sınaq gözləyir. İllərlə davam edən yoxsulluq, miqrasiya, sanksiyalar və siyasi təzyiqlər cəmiyyətdə dərin travmalar yaradıb. Lider dəyişikliyi bu travmaları avtomatik olaraq aradan qaldırmır. Əksinə, gözləntilərin sürətlə yüksəlməsi və qarşılanmaması yeni sosial partlayış riskini yarada bilər. Bu səbəbdən Maduro sonrası Venesuela təkcə siyasi deyil, eyni zamanda psixoloji və sosioloji yenidənqurma prosesi ilə üz-üzədir.

Regional və beynəlxalq baxımdan Venesuelanın gələcəyi Latın Amerikasının ümumi gedişatına da təsir edəcək. Əgər Venesuelada xarici müdaxilə ilə formalaşdırılmış hakimiyyət uzunmüddətli olarsa, bu, region ölkələri üçün təhlükəli presedent yaradar. Bu, Latın Amerikasında “suverenlik” anlayışının daha da aşınması və ABŞ-ın sərt güc tətbiqinin normallaşması deməkdir. Əks halda, Venesueladakı qeyri-sabitlik dərinləşərsə, miqrasiya böhranları, sərhəd problemləri və regional təhlükəsizlik riskləri qaçılmaz olacaq.

Nəticə etibarilə demək olar ki, Maduronun əvvəlki gücü ilə yoluna davam etməsi mümkünsüzdür; lakin bu, Venesuelanın yolunun açıldığı anlamına gəlmir. Maduronun sonu böyük ölçüdə müəyyənləşmiş ola bilər, lakin Venesuelanın gələcəyi hələ müəyyən edilməyib. Ölkə ya xarici müdaxilənin formalaşdırdığı kövrək keçid prosesinə, ya da uzunmüddətli qeyri-sabitlik və parçalanma riskinə doğru irəliləyir. Buna görə də əsas məsələ Maduronun gedib-getməyəcəyi deyil, Maduradan sonra Venesuelanın ayaqda qalıb-qalmayacağıdır.

 

 

Turan Əlizadə

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)