Türkiyəli Politoloq, Diplomatiya və Strateji Araşdırmaları Mərkəzinin rəhbəri (DASAM) Mehmet Gökhan Özçubukçu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinə (BMDAM) Yeni dünya nizamında Cənubi Qafqazın artan nüfuzu bağlı müsahibəsində qeyd etmişdir:

Beynəlxalq sistem, Soyuq müharibədən sonra formalaşdırılmış liberal nizamın dağılması ilə paralel olaraq getdikcə çoxqatlı, çoxmərkəzli və rəqabətli bir struktura çevrilməkdədir. Bu transformasiya təkcə qlobal güc mərkəzlərini deyil, eyni zamanda həmin güclərin kəsişmə nöqtələrində yerləşən regional geosiyasi məkanları da strateji baxımdan yenidən tərifləndirir. Cənubi Qafqaz bu kontekstdə artıq yalnız Rusiyanın “arxa həyəti” və ya Qərbin əhatələmə zolağının bir hissəsi kimi deyil; Avrasiyanın jeoiqtisadi və geostrateji keçid məkanlarından biri kimi ön plana çıxmaqdadır. Xüsusilə 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsindən sonra regional güc balansında yaranan köklü dəyişikliklər Cənubi Qafqazı yeni dünya düzəninin kritik qırılma xətlərindən birinə çevirmişdir.
Cənubi Qafqazın geosiyasi əhəmiyyəti tarixi baxımdan imperiyalararası rəqabət kontekstində formalaşmışdır. Uzun müddət Çar Rusiyası, Osmanlı İmperiyası və İran arasında tampon zona funksiyası daşıyan bu coğrafiya Soyuq müharibə dövründə Sovet nəzarəti altında nisbətən sabit bir geosiyasi məkan olaraq qalmışdır. Lakin Sovet İttifaqının dağılması ilə ortaya çıxan güc boşluğu regionu yenidən qlobal rəqabətin obyektinə çevirmişdir. Bu gün Cənubi Qafqaz Avropa, Asiya və Yaxın Şərq üçbucağında enerji, nəqliyyat, təhlükəsizlik və diplomatik şəbəkələrin kəsişdiyi strateji bir mərkəz kimi mövqelənir.
Bu transformasiyanın ən həlledici qırılma nöqtəsi, şübhəsiz ki, İkinci Qarabağ müharibəsidir. Müharibə yalnız Azərbaycanın ərazi bütövlüyünü böyük ölçüdə bərpa etməsi ilə nəticələnməmiş, eyni zamanda regional nizamın normalarını, vasitəçilik modellərini və güc bölgüsünü də yenidən formalaşdırmışdır. Qarabağdan sonrakı dövrdə Cənubi Qafqaz artıq “dondurulmuş münaqişələr coğrafiyası” olmaqdan çıxmış, yenidənqurma, inteqrasiya və nəqliyyat dəhlizləri oxunda tərif olunan dinamik bir geosiyasi məkana çevrilmişdir.
İkinci Qarabağ Müharibəsindən Sonra Azərbaycan: Hərbi Qələbədən Geosiyasi Aktorluğa
İkinci Qarabağ müharibəsi Azərbaycan üçün yalnız hərbi qələbə deyil, eyni zamanda dövlət potensialının, strateji planlaşdırmanın və çoxölçülü güc inşasının konkret təzahürü olmuşdur. Azərbaycan müharibə prosesində müasir hərb doktrinalarını, qabaqcıl texnologiyaların istifadəsini və balanslı diplomatik yanaşmanı uğurla birləşdirərək regional güc statusunu möhkəmləndirmişdir. Bu proses ölkəni passiv enerji ixracatçısından aktiv geosiyasi aktora çevirmişdir.
Qarabağdan sonrakı dövrdə Azərbaycanın strateji əhəmiyyəti üç əsas müstəvidə özünü göstərir. Birincisi enerji təhlükəsizliyi ölçüsüdür. Avropanın Rusiya enerji resurslarından asılılığını azaltmaq cəhdləri fonunda Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə etibarlı və strateji alternativ kimi önə çıxır. İkincisi nəqliyyat və logistika ölçüsüdür. Orta Dəhlizin funksionallaşması Azərbaycanı Çindən Avropaya uzanan ticarət marşrutlarının mərkəzi halqalarından birinə çevirmişdir. Üçüncüsü isə diplomatik və normativ müstəvidir. Azərbaycan Qarabağ qələbəsindən sonra “status-kvonu pozan” deyil, yeni status-kvonu inşa edən, sülhü və regional əməkdaşlığı önə çıxaran aktor mövqeyinə yüksəlmişdir.
Bu çərçivədə Azərbaycanın Zəngəzur Dəhlizi məsələsindəki israrı yalnız Naxçıvanla quru əlaqəsinin təmin olunmasına yönəlik texniki hədəf deyil; Avrasiya miqyasında bağlantısallıq (connectivity) siyasətinin mərkəzinə yerləşmə strategiyasının əksidir. Bu yanaşma Azərbaycanın geosiyasi dəyərini artırmaqla yanaşı, regional və qlobal aktorların Cənubi Qafqaza dair mövqelərini də yenidən müəyyənləşdirməsinə səbəb olur.
Zəngəzur Dəhlizi və “Tramp Dəhlizi” Müzakirəsi
Zəngəzur Dəhlizi Qarabağdan sonrakı Cənubi Qafqaz geosiyasətinin ən mübahisəli və çoxölçülü mövzularından birinə çevrilmişdir. Bu dəhliz Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçəcək nəqliyyat xəttini ifadə edir. Lakin sözügedən xətt yalnız Azərbaycanın iki hissəsini birləşdirmir; eyni zamanda Türkiyəni birbaşa Azərbaycan və Orta Asiya ilə bağlayan strateji geosiyasi ox formalaşdırır.
“Tramp Dəhlizi” anlayışı isə bu marşrutun Qərb tərəfindən Rusiya və İranı əhatələmə strategiyasının tərkib hissəsi kimi dəstəkləndiyi iddialarına əsaslanır. Xüsusilə ABŞ-da Tramp dövründə Çinin “Bir Kəmər – Bir Yol” təşəbbüsünə alternativ marşrut axtarışlarının sürətlənməsi və İranın regional nəqliyyat şəbəkələrindən kənarda saxlanılması hədəfi Zəngəzur Dəhlizinin qlobal geosiyasi mənasını genişləndirmişdir. Bununla belə, dəhlizi yalnız ABŞ mərkəzli layihə kimi qiymətləndirmək reduksionist yanaşma olardı. Zəngəzur mahiyyət etibarilə regional və qlobal aktorların maraqlarının kəsişdiyi çoxqatlı geosiyasi layihədir.
Bu nöqtədə əsas müzakirə mövzusu dəhlizin “suverenliyin pozulması”mı, yoxsa “regional inteqrasiya” alətimi olduğu sualı ətrafında cəmlənir. Azərbaycan və Türkiyə dəhlizi qarşılıqlı fayda prinsipinə əsaslanan bağlantısallıq xətti kimi təqdim edərkən, Ermənistan uzun müddət bu təşəbbüsü öz suverenliyinə təhdid kimi qavramışdır. Lakin yeni dünya düzənində bağlantısallıq siyasətinin ön plana çıxması bu yanaşmanın davamlılığını ciddi şəkildə sual altına alır.
Sıxışmış Ermənistan: Sülh Yolu ilə Rahatlama Mümkündürmü?
Ermənistan İkinci Qarabağ müharibəsindən sonra tarixinin ən dərin geosiyasi sıxışmışlıqlarından biri ilə üz-üzə qalmışdır. Uzun illər status-kvoya əsaslanan təhlükəsizlik anlayışını mənimsəyən İrəvan rəhbərliyi bu status-kvonun çökməsi ilə həm hərbi, həm də diplomatik potensial baxımından ciddi zəiflik yaşamışdır. Rusiyaya həddindən artıq asılılıq, Qərbdən gözlənilən dəstəyin məhdud qalması və regional inteqrasiya layihələrindən kənarda qalma riski Ermənistanı strateji yol ayrıcına gətirmişdir.
Bu kontekstdə sülh Ermənistan üçün ideoloji və ya mənəvi seçim deyil, birbaşa mövcudluq zərurətinə çevrilmişdir. Azərbaycanla imzalanacaq hərtərəfli sülh sazişi yalnız sərhədlərin qarşılıqlı tanınmasını deyil, eyni zamanda Ermənistanın regional nəqliyyat, ticarət və logistika şəbəkələrinə inteqrasiyasını da mümkün edəcəkdir. Zəngəzur Dəhlizinin Ermənistan suverenliyi altında, beynəlxalq təminatlar və regional razılaşma çərçivəsində istismarı İrəvan üçün təhdid deyil, iqtisadi və siyasi rahatlama imkanı təqdim edir.
Ermənistanın sülh yolu ilə rahatlaması üç əsas şərtin eyni vaxtda təmin olunmasından asılıdır. Birincisi, revizionist ritorikadan imtina edilməsi və Qarabağ məsələsinin bağlanmış dosye kimi qəbul olunmasıdır. İkincisi, regional inteqrasiya layihələrində aktiv iştirak etməklə izolyasiya siyasətinin tərk edilməsidir. Üçüncüsü isə çoxşaxəli xarici siyasət yürüdülərək tək bir təhlükəsizlik təminatçısına həddindən artıq asılılığın azaldılmasıdır. Bu şərtlər həyata keçirildiyi təqdirdə Ermənistan sıxışmış tampon dövlətdən regional şəbəkələrə inteqrasiya olunmuş keçid ölkəsinə çevrilə bilər.
Nəticə: Cənubi Qafqaz Yeni Dünya Düzəninin Sınaq Meydanıdır
Yeni dünya düzəni tək bir hegemonun müəyyənedici olduğu, qaydaları əvvəlcədən müəyyənləşdirilmiş və mərkəz–periferiya bölgüsünün dəqiq şəkildə cızıldığı strukturdən uzaqlaşmaqdadır. Bunun əvəzinə güc bölgüsünün parçalandığı, regional aktorların təşəbbüs imkanlarının genişləndiyi və bağlantısallıq üzərindən tərif olunan çoxqatlı rəqabət sistemi formalaşır. Bu transformasiya yalnız qlobal böyük gücləri deyil, onların kəsişmə nöqtələrində yerləşən strateji regionları da yenidən dəyərli edir. Cənubi Qafqaz və xüsusilə Azərbaycan bu səbəbdən yeni dünya düzəninin yüksələn geosiyasi mərkəzlərindən birinə çevrilmişdir.
Azərbaycan bu yeni geosiyasi mənzərədə təkcə enerji resurslarına sahib ölkə deyil; həmin resursları qlobal bazarlara etibarlı şəkildə çatdıra bilən, böhran dövrlərində proqnozlaşdırılan tərəfdaş kimi hərəkət edən və hərbi potensialını diplomatik və iqtisadi alətlərlə dəstəkləyə bilən dövlət modelinə nail olmuşdur. Cənub Qaz Dəhlizi və Orta Dəhliz üzərindəki rolu Azərbaycanı yeni dünya düzənində “sabitlik yaradan” və “tarazlıq quran” aktorlardan birinə çevirir.
Cənubi Qafqazın yüksəlişi regionun artıq böyük güclərin nüfuz mübarizəsinə səhnə olan passiv məkan olmaqdan çıxması ilə sıx bağlıdır. Azərbaycanın Türkiyə ilə qurduğu strateji tərəfdaşlıq çevik ittifaqlar və çoxşaxəli diplomatiya anlayışı əsasında regional tarazlıq yaratma qabiliyyətini gücləndirmişdir. Bu vəziyyət Cənubi Qafqazı qlobal siyasətin periferiyasından mərkəzinə doğru daşıyır.
Nəticə etibarilə Cənubi Qafqazın və Azərbaycanın yeni dünya düzənindəki əhəmiyyəti tək bir faktora endirilə bilməz. Bu əhəmiyyət hərbi potensial ilə diplomatik elastiklik, enerji resursları ilə nəqliyyat şəbəkələri, regional əməkdaşlıq ilə qlobal rəqabət arasında qurulan tarazlıqdan qaynaqlanır. Cənubi Qafqaz bu tarazlıqlar düzgün idarə edildiyi təqdirdə tarixən alışdığı münaqişə coğrafiyası kimliyini geridə qoyaraq yeni dünya düzəninin bağlantı, keçid və tarazlıq məkanlarından birinə çevriləcəkdir.
Mehmet Gökhan Özçubukçu
Turan Əlizadə






