Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədri, Politoloq Samir Hümbətov Moderator.az-a açıqlamasında deyib:

Tərəflər arasında müharibə faktiki olaraq hələ başa çatmayıb. Onun sözlərinə görə, İran və İsrail arasında baş verən 12 günlük qarşıdurma müharibənin yalnız birinci mərhələsi hesab oluna bilər:
“Bu 12 günlük qarşıdurma daha çox yoxlama xarakteri daşıyırdı. İsrail İranın zəif və boş mövqelərini müəyyənləşdirməyə çalışırdı. Məhz bu mərhələnin üzərindən prosesin daha genişmiqyaslı bir müharibəyə keçəcəyi gözlənilir. İran–İsrail gərginliyi bitən deyil, qarşıda daha aktiv və təhlükəli bir faza dayanır. Əsas məsələ İsrailin bundan sonrakı mərhələdə hansı hərbi strategiyanı seçəcəyidir. Birinci qarşıdurmadan fərqli olaraq ikinci mərhələdə eyni strategiyadan istifadə olunacaq, yoxsa tamamilə yeni hədəflər və planlar formalaşdırılacaq – bu, ciddi maraq doğurur. İsrailin əvvəl istifadə etmədiyi yeni silah sistemlərinə əl atması da istisna deyil”.
Politoloq ABŞ faktoruna da toxunaraq bildirib ki, Vaşinqtonun birbaşa müharibəyə qoşulması real görünmür:
“Lakin ABŞ-ın dolayısı ilə – hərbi silah, sursat, texnika və digər vasitələr vasitəsilə İsrailə dəstək verməsi ehtimalı kifayət qədər yüksəkdir. Vaşinqtonun bunun üçün həm siyasi, həm də hərbi imkanları mövcuddur”.





