Türkiyəli Politoloq, Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz EDnews.az-a verdiyi müsahibədə Ukrayna-Rusiya müharibəsi kontekstində Türkiyənin mövqeyini və regiondakı təhlükəsizlik perspektivlərini analiz edib:

“Türkiyə Rusiya-Ukrayna müharibəsində hər zaman tərəfsiz mövqe nümayiş etdirib. O, NATO üzvü olsa da, ABŞ və digər NATO ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Rəsmi Ankara həm Ukrayna, həm də Rusiya ilə dostluq, ticarət, iqtisadi və regional-strateji münasibətləri balanslı şəkildə aparır. Türkiyənin bitərəf yanaşması əsir mübadiləsi və taxıl dəhlizi razılaşmalarında da özünü göstərir.
Yaxın zamanda Ukrayna Prezidenti Zelenski yenidən Türkiyəyə gələrək Rusiya ilə Ukrayna arasında sülhün bərqərar edilməsi üçün Ərdoğanın Putinlə görüşməsini xahiş etdi. Lakin Ukraynanın atəşkəs prosesini Türkiyənin vasitəçiliyi ilə aparmaq istədiyi bir dönəmdə Qara dənizdə Rusiya bayrağı altında fəaliyyət göstərən ticarət gəmilərinə hücumlar baş verməsi gedişata mənfi təsir göstərir. Həmçinin, Ukraynanın Türkiyənin vasitəçiliyindən faydalanmaq istədiyi bir vaxtda hücumların Türkiyənin iqtisadi zonasında həyata keçirilməsi də maraq doğurur. Görünür, Türkiyənin vasitəçilik rolundan narahat olan bəzi ölkələr Ukraynanı bu istiqamətdə qızışdırır və onu alət kimi istifadə edərək Türkiyənin vasitəçi imicinə zərbə vurmağa çalışırlar”.
Siyasi şərhçi əlavə edib ki, Qərbdə Türkiyəni müharibəyə cəlb etməyə çalışan qüvvələr olsa da, qədim dövlətçilik ənənəsi və böyük təcrübəyə malik olan dövlət bu çətinliyi də dəf edəcək.





