Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, Politoloq Samir Hümbətov Demokrat.az-a açıqlamasında deyib:
![]()
“Laçın şəhərinin 5 ildən artıqdır azad olunması əslində Azərbaycan Respublikasının, Azərbaycan dövlətinin son 30 ildə qazandığı nailiyyətlər arasında xüsusi əhəmiyyət daşıyır”.
O, bildirib ki, Laçın şəhəri həm Azərbaycan, həm də Ermənistan arasında strateji əhəmiyyət kəsb edən bir bölgədir:
“Ermənistan Silahlı Qüvvələrinin burada möhkəmlənməsi bölgənin nə qədər önəmli olduğunu göstərir. Birinci Qarabağ savaşında Ermənistanın silahlı dəstələri və oradakı qüvvələri Azərbaycanın ərazilərini işğal etməyə başladı. Buna görə də Azərbaycan, xüsusilə Laçın şəhərinin işğaldan azad olunmasına ciddi önəm verib və bunun özü xüsusi əhəmiyyət daşıyır”.
Politoloq bildirib ki, bölgədə və qonşu ölkələrdə Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamaq, müstəqil siyasət yürütmək və qətiyyət göstərmək olduqca vacibdir:
“Azərbaycanın bölgədəki mövqeyi və onun israrla gücünü ortaya qoyması xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, həm ölkə daxilində, həm də xaricdə cəmiyyət və dövlət birliyini nümayiş etdirir. Xarici tərəflərə də açıq mesaj verilir ki, Azərbaycan dövləti, xalqı və hər bir vətəndaşı birləşmiş, koordinasiya olunmuş və güclü bir quruluş nümayiş etdirmişdir. Bu güc və birgə fəaliyyət hər kəs tərəfindən nəzərə alınır və hesablaşılır”.
Onun sözlərinə görə, Azərbaycanın göstərdiyi bu nümunə, dost və düşmən üçün aydın mesajdır.





