Türkiyəli Politoloq, Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz Globalinfo-ya verdiyi müsahibədə qeyd edib ki:

Əslində İznik Şurasının 1700 illiyinin qeyd etmək üçün bu səfəri əvvəlki Papa Fransisk aprel ayına planlaşdırmışdı. Lakin bu mərasim onun ölümü səbəbindən təxirə salınmış və varisi seçilən Papa XIV Leo ilk səfərini İznikə, Türkiyəyə edəcəyini bəyan etmişdir:
“Papanın səfəri İznik Şurasının 1700 illiyini qeyd etmək kimi görünsə də, nə pravoslav, katolik və digər məzhəblər, nə də etnik baxımdan Yunan patriarxlığı və Erməni apostol kafedralı kimi digər məzhəb strukturları arasında birlik gətirəcəyi gözlənilməməlidir. Papanın əsas məqsədi xristianların vahid bir dam altında birləşməsi olsa da, bu, hazırda mümkün deyil, lakin xarici dünyaya xristianların birlikdə hərəkət etdiyi mesajını verə bilər. Buna görə də onun İznik səfəri Türkiyəyə səfər kimi görünsə də, əsl məqsədin İznik Şurasının 1700 illiyini qeyd etmək olduğunu unutmaq olmaz. Əgər o, yalnız İznikə getsəydi, bu, rəsmi səfər olmazdı. Onun Ankarada rəsmi səfərdə olması, əvvəlcə Anıtqəbirə, sonra isə “Cumhurbaşkanlığı Külliyesi”nə baş çəkməsi bunu rəsmi səfərə çevirib. Lakin burada Türkiyə Respublikasının adının çəkilməsi Türkiyənin qlobal əhəmiyyətini nümayiş etdirir, həmçinin, bu, İstanbulun pravoslav xristian dünyasının mərkəzi olduğu üçün əhəmiyyətlidir. Erməni patriarxlığının və Erməni apostol kafedralının Türkiyədə yerləşməsi də dünyaya göstərir ki, Türkiyədə İslamdan başqa digər dinlərə və təriqətlərə bərabər və sərbəst şəkildə ibadət edirlər. Bu, Cümhuriyyət yaranarkən konstitusiya ilə müəyyən edilmişdir və Osmanlı, hətta Səlcuqlular dövründən bəri türk milləti ölkənin maraqlarına və mənafelərinə zidd fəaliyyətlər həyata keçirilmədiyi müddətcə dinlərə və təriqətlərə azadlıq vermişdir. Bu, Papa Leonun səfəri ilə dünyaya bir daha elan edilməsi baxımdan əhəmiyyətlidir.





