Türkiyəli Politoloq, Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz Azərtac.az-a verdiyi müsahibədə qeyd edib:

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması bu qurumun yalnız siyasi deyil, həm də ictimai-sosial müstəvidə əməkdaşlığından xəbər verir. Bu, eyni zamanda, Türk dövlətləri arasında əməkdaşlığın və inteqrasiyanın güclənməsinə təkan verəcək.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin həmrəylik forumunun ölkəmizdə keçirilməsi təsadüfi deyil. Türk dünyasının mədəni və strateji mərkəzlərindən olan Azərbaycan Türk Dövlətləri Təşkilatının müxtəlif proqramlarına ev sahibliyi edir. Bu baxımdan, Azərbaycanda vətəndaş cəmiyyəti və diaspor fəaliyyətlərinin kifayət qədər inkişaf etməsi ölkəmizi bu təcrübədən faydalanmaq istəyən QHT-lər üçün əlverişli və səmərəli platformaya çevirir.
İsmail Cingöz bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi tədbirdə Türk dünyası QHT-lərinin Platformasının yaradılması, humanitar fəaliyyətlərin koordinasiyası, Türk dili və ortaq mədəni irs layihələri, ortaq gənclik düşərgələri, diaspor əməkdaşlığı, rəqəmsal transformasiya və əlifba birliyi kimi mövzular ətraflı şəkildə müzakirə edilib. “Əsas hədəf TDT ölkələri arasında həmrəyliyin artırılması, sosial, mədəni və humanitar istiqamətlərdə ortaq layihələrin inkişaf edilməsi, gənclik, təhsil, ətraf mühit, diaspor kimi sahələrdə birgə fəaliyyət planlarının hazırlanması və vətəndaş cəmiyyəti ilə diaspor şəbəkələrinin inteqrasiyasının gücləndirilməsidir. Bu səbəbdən tədbir Türk dünyası üçün mühüm addım kimi qiymətləndirilə bilər”, – deyə o əlavə edib.
Siyasi şərhçi onu da vurğulayıb ki, hazırda yeni dünya sistemi formalaşmaq üzrədir: “Şərqdə Pekin, Qərbdə London mərkəz olmaqla, ikiqütblü bir düzən qurmağa çalışırlar. Lakin bu iki qütbün tam mərkəzində, üç qitəni birləşdirən strateji məkan məhz Türk Dövlətləri Təşkilatı coğrafiyası yerləşir. Buna görə də yeni dünya düzəni formalaşdırılarkən Türk Dövlətləri Təşkilatını nəzərə almamaq mümkün deyil və bu reallığın təsdiqi getdikcə daha da güclənir”.





