Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, Politoloq Samir Hümbətov Gününsəsi.info-ya açıqlamasında deyib:
![]()
“Erməni ekspertlərinin Azərbaycana səfəri ictimai diplomatiyanın formalaşdırılması məqsədi daşıyır. Bir müddət əvvəl Azərbaycan ictimaiyyətinin nümayəndələri – ekspertlər, QHT təmsilçiləri və digərləri – Ermənistanı ziyarət etmişdilər və onların təəssüratları da ümumilikdə pozitiv idi. Qəbul, müzakirələr və ümumi münasibət normal səviyyədə qiymətləndirilirdi”.
“Bu baxımdan düşünürəm ki, qarşılıqlı səfərlər ictimai diplomatiyanın qurulmasına və möhkəmlənməsinə xidmət edə bilər. Lakin dövlətlərarası münasibətlərə təsiri o qədər də ciddi olmaya bilər. Çünki iki ölkə arasındakı münasibətlərin əsas istiqamətləri dövlət və hökumət başçılarının, eləcə də Xarici İşlər Nazirliklərinin məsuliyyət sahəsinə daxildir.
Ekspertlərin qarşılıqlı səfərləri daha çox ictimai-siyasi sektorda etimad quruculuğunun formalaşmasına, davam etdirilməsinə və mümkün qədər gücləndirilməsinə xidmət edir. Təbii ki, bunun müəyyən müsbət təsiri ola bilər, amma əsas işi dövlət rəhbərləri və diplomatik qurumlar həyata keçirir.
Hesab edirəm ki, ekspertlərin səfərləri ictimai diplomatiyaya faydalı dəstək rolunu oynaya bilər”.
Qeyd edək ki, 2025-ci ilin 21 noyabr tarixində Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycan paytaxtına səfər edib.
Bu səfər 21–22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına səfərinə cavab olaraq həyata keçirilir.





