Son aylarda Yaxın Şərqdə güc balansı sürətlə dəyişir. ABŞ-ın regiondakı təsirinin azalması, İsrailin təhlükəsizlik dilemması və İranın artan siyasi iddiaları bölgəni yenidən qlobal diqqət mərkəzinə gətirib. Nüvə məsələsi isə bu balansın ən həssas nöqtəsidir. İranın BMT Təhlükəsizlik Şurası ilə nüvə danışıqlarından uzaqlaşması, artıq sadəcə diplomatik prosesin dayanması deyil — bu, regionda yeni bir strateji mərhələnin başlandığına işarədir.
Belə bir şəraitdə sual yaranır: İranın bu addımı regionda yeni bir toqquşmanın siqnalıdırmı, yoxsa beynəlxalq təzyiqlərə qarşı bir siyasi oyun?
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, Politoloq Samir Hümbətov Editor.az-a verdiyi müsahibəsində qeyd edib:

İranın artıq nüvə danışıqlarından uzaqlaşması və bu məsələnin Təhlükəsizlik Şurasında qüvvədən düşməsi açıq şəkildə göstərir ki, Tehran nüvəni zənginləşdirmə prosesində növbəti mərhələyə keçməyə hazırlaşır:
“Bu isə İranın nüvə silahı əldəetmə imkanlarının yenidən formalaşmasına gətirib çıxara bilər. Bu baxımdan məsələ beynəlxalq gündəmdə daim saxlanılacaq mövzulardan biri olacaq. Nə ABŞ, nə Avropa dövlətləri, nə də İsrail İranın nüvə silahı əldə etməsini qəbul edə bilməz — bu, aydındır. İranın danışıqlardan çəkilməsi isə göstərir ki, qarşıda yeni qarşıdurma mərhələsinin yaranma ehtimalı artır.
Xatırladaq ki, İsraillə İran arasında hələ də tam həll olunmamış gərginlik qalmaqdadır. 12 günlük qarşıdurmadan sonra yaranmış “yarımçıq vəziyyət” faktiki olaraq regionda sabitliyin bərpasına imkan vermədi. Buna görə də yaxın gələcəkdə müharibə riski yenidən gündəmə qayıda bilər”.
“Əgər Təhlükəsizlik Şurası İranla bağlı konkret və ciddi qərarlar qəbul etməsə, bu, regionda yeni gərginlik dalğasının başlaması ehtimalını daha da artıracaq”,- deyə sonda analitik qeyd edib.





