Prezident İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışında bildirib ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.
“Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir”, – deyə Prezident qeyd edib. O təklif edib ki, TDT-yə üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin.
TDT-yə üzv ölkələrin birgə hərbi təlimlər keçirməsi Turan ordusunun, “Türk NATO-su” qurulmasına start sayıla bilərmi?
Türkiyə Politoloq, Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz Globalİnfo.az-a verdiyi müsahibədə qeyd edib ki:
Son zamanlar dünyada böyük bir xaos yaşanır:
“Şərqdə Sakit Okeanda Çin-Tayvan və ABŞ-Çin mübarizəsi, ABŞ və Venesuela arasında gərginlik, İsrail-Qəzza soyqırımı və oradakı insanlıq dramı, İsrail və İran arasında gərginlik, Şərqi Aralıq dənizində güc mübarizəsi, Ukrayna-Rusiya müharibəsinin hələ də bitməməsi, Şərqi Avropada, xüsusən Sovet Sosialist Respublikasının keçmiş üzvü olub hazırda NATO-ya daxil olan ölkələrlə Rusiya arasında gərginliklər, Rusiya-NATO müharibəsi qorxusu, Yaxın Şərqdə digər güc mübarizələri, Pakistan və Hindistan arasında gərginlik və ABŞ-ın Əfqanıstanda mövcudluğunu bərpa etmək cəhdləri kimi dünyanın bir çox yerində gərginliklər yaşanmaqdadır və artıq Üçüncü Dünya müharibəsi ehtimalı ciddi şəkildə nəzərdən keçirilir. Bundan əlavə, Pekin-London xətti üzrə yeni dünya sistemi qurulur. Çin yeni dünya sistemində Şərqə, İngiltərə isə Qərbə liderlik etməyə hazırlaşır. Bu bölgələr və bu sistem daxilində TDT özünə yer axtarışındadır. TDT-nin hansısa vahid güc mərkəzi ilə əməkdaşlıq etmək və birgə fəaliyyət göstərmək əvəzinə, hazırda üçüncü qütb və bir güc olaraq mövcudluğunu qoruyub saxlamaq, bu istiqamətdə öz mövqelərini möhkəmləndirmək üçün çalışdığını görürük. TDT artıq regional deyil, qlobal gücə çevrilmək yolunda mühüm addımlar atır”.
İ.Cingözün sözlərinə görə, bu səbəbdən də cənab Əliyev Türkiyə-Azərbaycan Silahlı Qüvvələri arasında hərbi təlimlərin genişləndirilərək TDT-yə üzv dövlətlər çərçivəsində hərbi təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb:
“Bununla yanaşı, iqtisadi və mədəni əməkdaşlığa da xüsusi diqqət ayrılıb. Çünki TÜRKSOY-un möhkəmləndirilməsi TDT və türk icmalar arasında tarixi-mədəni və fikir birliyinin gücləndirilməsində həlledici rol oynayacaq. TDT yeni dünya sistemində üçüncü qütb olmaq yolunda mühüm təşəbbüslər və əməkdaşlıqlar həyata keçirəcəksə, mədəni, iqtisadi, ticarət, hərbi sahədə əməkdaşlıq edəcəksə, TÜRKSOY-un da üzərinə mühüm vəzifələr düşəcək. Biz buradan bunu başa düşürük. NATO kimi hərbi strukturun, Avropa Birliyi kimi iqtisadi strukturun yaradılmasının vaxtı çatıb. TDT bu 12-ci zirvə toplantısı ilə üçüncü qütb olmaq yolunda mühüm addım atdığını bir daha beynəlxalq ictimaiyyətə nümayiş etdirdi”.