Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədri, Politoloq Samir Hümbətov Günüsəsi.info-ya açıqlamasında qeyd edib:
“Bir çox dövlətlərin Fələstini müstəqil dövlət kimi tanıması prosesi artıq son akkordlar kimi qəbul edilə bilər. Çünki 150-yə yaxın dövlət Fələstini müstəqil dövlət kimi tanıyıb və onlarla əlaqə qurub. Əslində Fələstin dövləti hələ 1967-ci ildən, daha dəqiq desək, 1948-ci ildən qurulmalı idi. Lakin bu proses uzadıldı: İsrail dövləti quruldu və tanındı, ancaq Fələstin tanınmadı”.
“İndi isə görünür ki, həmin dövlətlər Fələstini müstəqil dövlət kimi tanımaq istəyirlər. Mən hesab edirəm ki, bu addım İsrailin və ABŞ-ın ciddi reaksiyasına səbəb ola bilər. Amma bunun beynəlxalq siyasi proseslərə böyük təsir göstərib istiqaməti dəyişəcəyini düşünmürəm”.
Politoluqun fikrincə Fələstin dövlətinin tanınması İranın dəstəklədiyi terrorçu qrupların tanınması demək deyil.
“Fələstin rəhbəri Mahmud Abbas da açıqlamasında bildirib ki, onlar Qəzzanın qısa müddətdə Fələstin Muxtar Dövləti tərəfindən idarə olunmasını istəyirlər. Yəni nə Həmas, nə də Hizbullah orada tanınmır. Mən düşünürəm ki, beynəlxalq birlik də məhz Ramallah hökumətini tanıyacaq və onu Fələstin dövləti kimi qəbul edəcək və yalnız Ramallah hökuməti rəsmən qəbul ediləcək”-deyə politoloq əlavə edib.