ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun 6-7 avqust tarixlərində Rusiyaya planlaşdırılan səfəri, beynəlxalq münasibətlər müstəvisində diqqətçəkən bir prosesin siqnalı kimi qiymətləndirilir.
Politoloq Samir Hümbətovun fikrincə, bu səfər təkcə Ukrayna ilə bağlı təşəbbüslərlə məhdudlaşmır və çoxşaxəli geosiyasi maraqlar fonunda baş tutur.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədri, Politoloq Samir Hümbətov Editor.az-a açıqlamasında bildirib ki:
Uitkoffun Moskvaya bu ilk səfəri deyil. Analitik qeyd edib ki, daha əvvəl də Əbu-Dabidə keçirilən Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasındakı görüş öncəsi buna bənzər bir diplomatik missiya həyata keçirilmişdi
Hümbətovun sözlərinə görə, ABŞ-ın əsas məqsədi Rusiyanı Ukrayna məsələsində danışıqlar masasına oturtmaqdır. Lakin Rusiya hələ ki bu addıma meylli görünmür:
“Yalnızca müvəqqəti və qısamüddətli bir atəşkəsin baş verməsi mümkündür. ABŞ Prezidenti bu səfərlə sülh təşəbbüsünü gündəmə gətirməyə çalışsa da, bu proses Trampın iradəsi ilə yekunlaşacaq qədər sadə deyil. Avropanın öz maraqları var və bu maraqlar Rusiyanın zəiflədilməsini hədəfləyir. Bu məqsədə də Ukrayna vasitəsilə çatmaq istəyirlər”.
Samir Hümbətov əlavə edir ki, hazırkı mərhələdə Moskva və Vaşinqton arasında münasibətlər xeyli gərgindir. Qaranlıq qalan çoxlu sayda məsələ və maraq toqquşmaları dialoqu çətinləşdirir:
“Bu səfərin tərəflər arasında hər hansı kompromisə gətirib çıxaracağını düşünmürəm. Əksinə, görünən odur ki, tərəflər hələ də öz strategiyalarında inadkarlıq nümayiş etdirirlər. Avqustun sonuna doğru ABŞ və Rusiya arasında yüksək səviyyəli bir Zirvə görüşü baş tuta bilər. Həmçinin sentyabrın 1-də atəşkəs elan olunacağı ehtimalı da səsləndirilir. Lakin bu daha çox beynəlxalq ictimaiyyəti sakitləşdirmək üçün atılan taktik addımlardır və real nəticələr verməsi hələ sual altındadır”.