Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müharibə başlayandan ilk dəfə Ukraynaya getməyə hazırlaşır. Kiyev bununla bağlı fəal hazırlıq aparır. Türkiyə prezidentinin Ukraynaya səfəri hansı geosiyasi məqsədlərə xidmət edir? Ərdoğanın Kiyevə mümkün səfəri Rusiya-Türkiyə münasibətlərinə necə təsir göstərə bilər? Türkiyənin bu səfər vasitəsilə Ukrayna-Rusiya müharibəsində vasitəçilik rolunu yenidən canlandırmaq niyyəti var?
Türkiyəli Politoloq, Uluslararası Siyaset Uzmanı İsmail Cingöz “Moderator.az-a” verdiyi müsahibəsində qeyd edib ki:
Ukraynanın Ankaradakı səfiri Nəriman Cəlalın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda Ukraynaya səfər edəcəyi ilə bağlı açıqlaması diqqətçəkici olub:
“Ukrayna prezidenti Volodimir Zelenskinin dəvəti ilə baş tutacaq bu səfər çərçivəsində ilk növbədə Türkiyə ilə Ukrayna arasında sərbəst ticarət sazişinin imzalanması gözlənilir. Lakin bununla yanaşı, Ukrayna-Rusiya müharibəsinin həlli yollarının da gündəmə gələcəyi ehtimal edilir. Müharibənin ilk günlərindən etibarən Türkiyə bu münaqişəyə qarşı riskli, lakin balanslı bir siyasət yürüdüb. Əvvəlcə bu yanaşma qeyri-müəyyən görünsə də, sonradan hər iki tərəflə münasibətlərin qorunub saxlanılması strategiyasına çevrildi”.
Ekspertin sözlərinə görə, Türkiyə Qara dənizdə həm Rusiya, həm də Ukrayna ilə qonşudur və hər iki ölkə ilə köklü, strateji münasibətlərə malikdir:
“Türkiyə həm Ukrayna, həm də Rusiya ilə qonşuluq, iqtisadi və siyasi baxımdan önəmli əlaqələrə sahibdir. Müharibə davam etdiyi bir vaxtda və Türkiyə neytral mövqeyini qoruyarkən, Ərdoğanın Ukraynaya səfəri təbii ki, Rusiya tərəfindən necə qarşılanacağı sualını doğurur. Lakin xatırlatmaq lazımdır ki, Türkiyə bu günə qədər həm Ukrayna, həm də Rusiya ilə bir çox dəfə danışıqlara ev sahibliyi edib və vasitəçilik rolunu oynayıb.
Savaşın ilk günlərində Antalyada Ukrayna və Rusiya xarici işlər nazirlərinin görüşü məhz Türkiyənin təşəbbüsü ilə baş tutmuşdu. O görüş bir çoxlarına ümid vermişdi. İndi də Türkiyə tərəfi həmin vasitəçilik rolunu yenidən canlandırmaq niyyətində ola bilər. Ərdoğanın səfəri təkcə iqtisadi və ikitərəfli əlaqələr baxımından deyil, həm də sülh prosesinə töhfə vermək baxımından əhəmiyyətli ola bilər.
Türkiyə Rusiya-Ukrayna müharibəsinin əvvəlindən bu günə qədər sülh üçün müxtəlif platformalarda vasitəçilik missiyası həyata keçirib.
İndiyədək İstanbulda üç dəfə Rusiya-Ukrayna nümayəndələri arasında sülh danışıqları aparılıb. Bundan əlavə, dəfələrlə Türkiyə həm atəşkəsin, həm də sülh prosesinin irəliləməsi üçün təkliflər verib, təşəbbüslər göstərib. Eyni zamanda, Qara dəniz taxıl sazişinin reallaşmasında da Türkiyənin vasitəçiliyi və rolu olduqca önəmli idi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya gözlənilən səfəri Rusiya tərəfindən təzyiq və ya qəzəblə qarşılanmayacaq.
70 illik diplomatik ənənəyə əsaslanan münasibətlər kontekstində düşünürəm ki, Ərdoğanın bu səfəri Rusiyanın narazılığına səbəb olmayacaq. Çünki Vladimir Putinin də yaxın zamanlarda Türkiyəyə səfər edəcəyi barədə məlumatlar yayılır. Bu isə onu göstərir ki, Türkiyə balanslı siyasətini qorumaqda davam edir”.
Ekspert əlavə edib ki, səfər zamanı sərbəst ticarət sazişi imzalansa da, Ərdoğanın əsas məqsədi müharibənin həlli istiqamətində diplomatik təşəbbüsləri canlandırmaq ola bilər:
“Türkiyə təkcə iqtisadi deyil, həm də diplomatik proseslərdə fəal rol oynamağa çalışır. ABŞ prezidenti Donald Trampın son günlərdə Rusiya sərhədlərinə yaxın ərazilərə nüvə sualtı qayıqlar göndərməsi fonunda regionda gərginlik daha da artır. Belə bir məqamda Ərdoğanın sülh üçün təşəbbüs göstərməsi tamamilə normal və zəruri addım hesab oluna bilər. Ukrayna-Rusiya müharibəsinin sonlandırılması məsələsində Qərbin də daxilində fikir ayrılıqları var.
Donald Tramp zahirən müharibənin bitməsini istəyirmiş kimi görünsə də, əslində ABŞ daxilində və Qərb blokunda – xüsusilə də İngiltərə ilə – nüfuz savaşı gedir. İngiltərə ABŞ-ın kölgəsində yer alsa da, arxa planda liderlik uğrunda mübarizə aparır. Belə geopolitik qarışıqlığın yaşandığı bir dövrdə Türkiyənin təşəbbüsləri xüsusi əhəmiyyət daşıyır.
NATO üzvü olan Avropa ölkələri və ABŞ müharibənin ilk günlərindən etibarən Ukraynaya silah və maddi dəstək göstərsə də, bu yardımların arxasında təkcə humanitar və müdafiə məqsədləri dayanmır.
Böyük dövlətlər – xüsusilə ABŞ və bəzi Avropa ölkələri – Ukraynanın yeraltı sərvətləri, su ehtiyatları və qiymətli torpaq elementləri üzərində nəzarət uğrunda səssiz bir mübarizə aparırlar. Bu fakt unudulmamalıdır: Ukraynaya edilən yardımın əsl səbəbi onun təbii sərvətlərinə çıxış imkanı əldə etməkdir.
Müharibənin sona çatması ABŞ-ın bölgədəki iqtisadi planlarının həyata keçməsini asanlaşdıra bilər, lakin bəzi Avropa ölkələri – xüsusilə də Almaniya – müharibənin davam etməsində dolayısı maraq daşıyır.
Əgər müharibə bitərsə, Ukraynanın zənginliklərindən əsasən ABŞ faydalanacaq. Bu isə bəzi Avropa ölkələrini narahat edir. Odur ki, onlar münaqişənin uzanmasını arzulayır və bu prosesi özlərinin hərbiləşməsi və silahlanması üçün fürsətə çevirirlər. Almaniya başda olmaqla bəzi dövlətlər, Rusiya təhdidini əsas gətirərək ordularını gücləndirmək yolunu tutublar.
Bu geosiyasi mənzərə fonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın planlaşdırılan Ukrayna səfəsi mühüm diplomatik hadisə kimi qiymətləndirilir.
Türkiyə prezidenti bu səfəri zamanı Zelenski ilə təkcə ikitərəfli münasibətləri deyil, eyni zamanda müharibənin dayandırılması üçün atıla biləcək addımları da müzakirə edə bilər. Əgər bu görüş baş tutarsa, yaxın gələcəkdə Ərdoğanla Vladimir Putin arasında da yeni bir görüşün keçirilməsi ehtimalı yüksəkdir. Türkiyə hər iki tərəf üçün qəbul edilə bilən bir vasitəçi olaraq yenidən diplomatik təşəbbüs irəli sürə bilər”.
Politoloqun fikirincə, Türkiyə beynəlxalq siyasətdə aktiv rol oynayaraq həm Volodimir Zelenski ilə görüşə, həm də yaxın zamanda Vladimir Putinlə təmas qurmağa çalışır. Bu isə təsadüfi deyil:
“Türkiyə qonşuluğunda sabitlik və sülhün bərqərar olmasını istəyir. Bu coğrafiyada barışı ən çox arzulayan və təşəbbüs göstərən ölkələrdən biri məhz Türkiyədir. Məhz bu səbəbdən prezident Rəcəb Tayyib Ərdoğanın Ukraynaya planlaşdırılan səfəri çox önəmlidir. Ərdoğanın Ukraynaya səfəri fonunda, yaxın zamanda Putinlə də görüşərək yeni vasitəçilik təşəbbüsü irəli sürəcəyi ehtimal olunur. Bu, Türkiyənin diplomatik gücünü və bölgədəki sabitlik üçün səmimi istəklərini bir daha nümayiş etdirir”.