“Sizcə, artıq 12 günlük İsrail-İran savaşında atəşkəs elan edildikdən sonra İrandakı teokratik rejim və ümumilikdə İranın gələcəyi necə görünür?”
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədr müavini, Politoloq Teymur Qasımlı Moderator.az-ın əməkdaşının sualını belə cavablandırıb.
“12 günlük müharibə bir daha göstərdi ki, İranda gözlənilən daxili parçalanma baş vermədi. Əksinə, müxtəlif siyasi qruplar — islahatçılar, müxaliflər və digər qüvvələr — mövcud hakimiyyətin ətrafında birləşərək İsrailə qarşı vahid mövqe nümayiş etdirdilər. Aralarında bəzi fikir ayrılıqları olsa da, müharibə zamanı milli birlik nümayiş olundu. Bu, həm də ‘Mossad’ın ilk mərhələdə bir sıra uğurlu əməliyyatlar həyata keçirməsinə baxmayaraq, İranın daxili təhlükəsizlik sisteminin nə qədər güclü olduğunu göstərdi. Xüsusilə SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) və digər xüsusi xidmət orqanları etirazların və daxili qarşıdurmaların qarşısını almağa çalışdılar. Buna görə də yaxın gələcəkdə İranda teokratik rejimin dəyişəcəyini gözləmirəm. Bundan sonra müəyyən narazılıqlar və etiraz aksiyaları baş verə bilər, məsələn, Tehran Universitetinin tələbələri tərəfindən təşəbbüslər ola bilər, lakin bunlar rejimi sarsıdacaq səviyyədə olmayacaq,” – deyə politoloq fikrini tamamlayıb.