Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Beynəlxalq Münasibətlər, Diplomatik Tədqiqatlar və Strateji Araşdırmalar Şöbəsinin Müdiri, Politoloq Amid Əliyev TodayPress TV-yə verdiyi açıqlamasında qeyd edib:
“ABŞ-də baş verən etirazlar siyasi sistemin dayanıqlılığı üçün ciddi sınaqdır”.
Onun fikrincə, bu hadisələr ABŞ-də mərkəzi hakimiyyətlə ştatlar arasında münasibətlərin getdikcə gərginləşdiyini göstərir. Həmçinin, hazırkı böhran ABŞ siyasi sistemindəki struktur sabitliyinə qarşı real təhlükə yaratmasa da, dövlətlə vətəndaş arasında etimadın zəifləməsi baxımından ciddi əlamətlər daşıyır.
“Demokratlar partiyası üçün yaranmış situasiya siyasi fürsətə çevrilə bilər. Trampın qərarları ilə bağlı Senatda impiçment təşəbbüslərinin səsləndirilməsi, prezidentin siyasi rəqiblərinə əlavə manevr imkanı yaradır. Bununla belə, baş verənlərin vətəndaş müharibəsi səviyyəsinə çatması hələlik real görünmür. Birincisi, ABŞ prezdenti Donald Trampın ölkədə hələ də kifayət qədər dəstək bazası var. İkincisi, ABŞ-də hakimiyyətin zor yolu ilə dəyişdirilməsi presedenti yoxdur. Üçüncüsü isə, tərəflərin siyasi sistemin çərçivəsində ortaq məxrəcə gəlmək ehtimalı daha yüksəkdir”.
Politoloq bu etirazların mərhələli şəkildə genişlənəcəyi və Tramp administrasiyası tərəfdarlarının maraqlarına toxunan daha sərt addımlar atılacağı təqdirdə siyasi qarşıdurmanın daha da kəskinləşə biləcəyini diqqətə çatdırıb. Lakin onun qənaətincə, indiki mərhələdə bunun vətəndaş müharibəsi səviyyəsinə keçəcəyini söyləmək tezdir.
“ABŞ-də baş verən proseslər təkcə daxili siyasətin deyil, bütövlükdə demokratik institutların və federal strukturların möhkəmliyinin ciddi testidir. Trampın davranışları bu sistemin nə dərəcədə çevik və davamlı olduğunu göstərən yeni bir sınaq mərhələsi yaradıb”, – deyə o, sözlərini yekunlaşdırıb.
Qeyd edək ki, iyunun 6-da Trampın miqrasiya siyasətinə əsasən Los-Ancelesdə qanunsuz miqrantların kütləvi saxlanılmasına başlanılıb. Bir gün sonra isə şəhərdə hadisə ilə bağlı iğtişaş və aksiyalar başlayıb. Hazırda bütün ölkə üzrə etiraz aksiyaları davam edir.
https://todaypress.tv/az/tehlil/abs-de-etirazlar-artir-vetendas-muharibesi-gozlenilir-40605